Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq “20 Yanvar - Milli qürur və qəhrəmanlıq tariximiz!” adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual kitab sərgisində 20 Yanvar hadisələrinin tarixi, Azərbaycan xalqının yaddaşında silinməz iz buraxan acı nəticələri haqqında məlumat verilir, Ümummilli Lider Heydər Əliyevin o dönəmlərdə Bakıdan uzaqlarda olmasına baxmayaraq, öz xalqına sevgisini və daimi dəstəyini növbəti dəfə nümayiş etdirərək, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid etməsindən, baş verənlərin geniş auditoriyaya çatdırılmasında göstərdiyi cəsarətli tədbirlərdən, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və beynəlxalq aləmə çatdırılması yönümündə atdığı qətiyyətli addımlardan bəhs olunur.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə görkəmli şəxslərin 20 Yanvar hadisələri haqda söylədikləri dəyərli fikirlər, beynəlxalq aləmdə və xarici mətbuat səhifələrində bu hadisələrə dair verilən məqalələr, sitatlar, faktlar, fotogörüntülər təqdim edilir. Materiallarda 20 Yanvar hadisələri zamanı azadlıq uğrunda canlarını fəda etmiş qəhrəman oğulların davamçılarının bugün əzəli Azərbaycan torpaqları olan Qarabağda Zəfər tarixini yazması və xalqımıza şanlı Qələbə sevinci yaşatması da qeyd olunur.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal-da Azərbaycan, türk, ingilis və rus dillərində çap edilən 30-dan çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, son illərin dövrü mətbuat nümunələri yer alır.
20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/20-yanvar-35 yerləşdirilib.