Əcəmi Naxçıvani – 900
Azərbaycanın Naxçıvan bölgəsi əsrlər boyu dahi şəxsiyyətlər yetirmişdir. Orta əsr Azərbaycan memarlığının inkişafında özünəməxsus mövqe tutan Naxçıvan memarlıq məktəbi maddi mədəniyyətin, xüsusilə tikinti sənətinin yüksək inkişaf səviyyəsi ilə digər regional memarlıq məktəblərindən seçilirdi.
Naxçıvan artıq XII əsrdə eyni zamanda tətbiqi-dekorativ sənətlərin yüksək səviyyədə olduğu bir mərkəz idi. Qədim Oğuz yurdu Naxçıvanın Şərqin mədəniyyət ocağı olmasındakı amillərdən biri də burada memarlıq sənətinin yüksək səviyyədə inkişaf etməsi idi. Bu inkişafın təməlində Memar Əbubəkr oğlu Əcəmi sənəti dayanır. Qədim Naxçıvanda memarlıq məktəbinin əsasını qoymuş Əcəminin dəst-xəttinin parlaq cizgiləri də məhz bu şəhərdə izlənilir.
Əcəmi Əbubəkr oğlu XII əsrin 20-ci illərində Naxçıvanda anadan olmuş, burada yaşayıb-yaratmışdır. Memarın doğum və vəfat tarixi dəqiq məlum deyil. Naxçıvan memarlıq məktəbinin ən görkəmli siması olaraq Orta əsr Azərbaycan memarlığının inkişafında silinməz izlər buraxmış, özündən sonrakı Azərbaycan memarlıq sənətinə istiqamətverici təsir göstərmişdir.
Əcəmi yadigarları memarın yaradıcı dühasının cazibə qüvvəsini və solmaz təravətini bu gün də saxlamaqdadır. Memar Əcəmi Orta əsr Şərq memarlığında təkrarolunmaz yaradıcı siması olan bir sənətkar, bədii və mühəndis düşüncəsinin nəhəng siması kimi tanınır.
Əcəmi yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun memarlıq üslubunda və kompozisiyalarında xatirə tikililərinə xas olan cəhətlərin üstünlüyüdür. Bu, müəyyən tarixi şəraitin nəticəsi idi.
Hökmdarlar dini ehkamlardan çox dünyəvi müddəaları üstün tutaraq öz əzəmətlərini, var-dövlətlərini sübut etməyə çalışmışlar. Bu meyillər XII əsrdə xüsusilə güclənmişdir. Hökmdarlar güclərini göstərmək üçün incəsənətdən də istifadə edirdilər. Məhz bununla bağlı olaraq, X əsrin sonlarından etibarən Yaxın Şərq ölkələrində bu məqsəd üçün memarlıq bir vasitə kimi seçilmişdir. Xatirə tikililərinin monumentallığına xüsusi diqqət ayrılırdı. Belə xatirə tikililəri, əsasən, qülləvari türbələrin inşası ilə həyata keçirilirdi.
Özünü memarlıq əsərlərində “Əl-Bənna” şanı ilə təqdim edən Əcəmi bir əlyazmada qeyd edildiyi kimi “şeyxül mühəndis” (mühəndislər başçısı) adını daşımışdır.
Orta əsrlərdə “mühəndis” sözü “həndəsiləşdirən” anlamında işlədilirdi. Əcəmi yaradıcılığındakı türbə memarlığının həndəsi biçimləri, mütənasibliyi, ornametləri usta memarın bu sahənin dərin bilicisi olduğunu sübut edir.
Əcəmi Naxçıvani Azərbaycanın ilkin qülləvari türbələrini yaratmaqla, onların eksteryerinin üz dekorunda nəbati naxışlardan istifadə etməklə memarlıq abidələrinin fərqli və fərdi kompozisiya həllinə nail olmuşdur. Nəticədə, özünəməxsus, eləcə də Naxçıvan memarlığına xas olan üslub formalaşmışdır. Əcəmi giriş naxışlarının yerliyini gəc oymaçılığı ilə bəzəməklə Yusif Küseyiroğlu və Möminə xatın türbələrində ən bitkin bəzəklərə nail olmuşdur.
Yusif Küseyiroğlu türbəsində gəc oyma naxışlar dayaz və xətti olduğu halda, Möminə xatın türbəsində tutumlu və daha plastikdir. Türbənin hər bir üzü təkrar olunmayan xırda nəbati naxışlardan başqa, iri nəbati naxışlarla da bəzədilmişdir. Əcəmi Əbubəkroğlunun bizə bəlli olan Yusif Küseyiroğlu adlı ilk türbəsində kufi kitabələr türbənin eksteryerdəki taxçalarının yuxarı hissəsində firiz şəklində yerləşir. Xalq arasında “Atababa günbəzi”, elmi ədəbiyyatda isə “Yusif Küseyiroğlu” türbəsi adı ilə tanınan gözəl bir memarlıq əsəri dövrümüzə gəlib çatmış Əcəmi yaradıcılığının ilkin əsəri kimi Naxçıvan şəhərinin mərkəzində yerləşir. Bu unikal abidə öz konstruksiya möhkəmliyi sayəsində bu gün də şəhərin vizual görkəmində özünəməxsus yer tutur. Əsrlərin təsirinə məruz qalmış türbəyə XX əsrin 50-60-cı illərində dağılmış hissələrinin bərpa olunması ilə ikinci həyat bəxş olunmuşdur.
Abidə bişmiş kərpicdən inşa olunmaqla yeraltı sərdabədən və yerüstü qülləvari hissədən ibarətdir. Türbənin qapısı üstündəki kitabədə bildirilir: “Bu türbə xacə, canlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyiroğlunundur”. Həmin kitabədə türbənin 1162-ci (hicri 557) ildə tikildiyi bildirilir. Kitabə funksionallığı ilə yanaşı, həm də dekorativ görkəmə malikdir. Giriş qapısından sol tərəfdə yenə kufi xətlə memarın adı yazılmışdır: “Əməli Əcəmi bin Əbubəkr əl-bənnai ən Naxçıvani”.
Türbə ümumi kompozisiya aydınlığı və həcmlərinin mütənasibliyi baxımımdan, eləcə də inşaat işlərinin dəqiqliyi, estetikliyi cəhətdən gözəl memarlıq əsəridir.
Əcəmi Əbubəkroğlunun zəmanəmizə qədər gəlib çatmış ikinci ən böyük əsəri olan Möminə xatın türbəsi Naxçıvanın Orta əsrlərdəki əzəmətinin, Naxçıvan memarlıq məktəbinin yüksəldiyi bədii memarlıq səviyyəsinin şahidi kimi Naxçıvan şəhərinin mərkəzində ucalır. Möminə xatın türbəsi Əcəmi yaradıcılığının şah əsəri hesab olunur. Abidə xalq arasında “Atabəylər günbəzi” kimi də tanınır. Xatirə türbəsinin hökmdar Atabəy Şəmsəddin Eldəniz tərəfindən tikdirildiyi haqda məlumat tikilinin prizmaşəkilli körpüsü ilə çadırvari örtüyü arasındakı zolaqda – frizdə öz əksini tapmışdır: “... bu türbəni dünyanın elmli adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl-islam və müsəlmanların namusu Möminə xatının (xatirəsinə) tikməyi əmr etdi!”
1186-cı ilin gül-çiçəkli bir yaz günü. Novruz bayramını yenicə yola salmış Naxçıvan əhalisi yenə də bayram şadlığı ilə şəhərin ozamankı baş meydanına toplaşmışdı. Bu gün Atabəylər soyunun ən canlı qadını Möminə xatının xatirəsinə ucaldılan türbənin tikintisi başa çatmışdı.
Türbənin şahanə gözəlliyindən vəcdə gələn, bir az da kövrələn qüdrətli hökmdar Atabəy Şəmsəddin Eldənizin minnətdar baxışları saray əyanları arasında memar Əcəmini aradı. Hamı kimi memar da hər şeyi unudaraq ulu sənət qarşısında, özünün yaratdığı gözəllik önündə donub qalmışdı. Atabəy yenidən türbəyə baxdı. Geniş açılmış gözləri göy çadır günbəzdə, oynaq tağlarda, xalça süslü divarlarda, çarpaşıq kitabələrdə dolanıb lap yuxarıdakı yazı qurşağını tamamlayan iki misralıq şeir üzərində dayandı:
“Biz gedirik, ancaq qalır ruzigar,
Biz ölürük, əsər qalır yadigar”!
Doğrudan da, Əcəmi Əbubəkroğlunun yaratdığı Möminə xatın türbəsi məğrurluq rəmzi kimi əsrləri yoraraq günümüzə qədər gəlib çatmış möhtəşəm sənət əsəridir.
XIX əsrə aid rəsm və fotoşəkillərdən bəlli olduğu kimi, ərazidə Möminə xatın türbəsi ilə yanaşı, dövrümüzə gəlib çatmamış monumental tikili – Cümə məscidi və zəngin bəzəkli, uca çatmatağlı iki minarəli giriş portalı da inşa olunmuşdur. Üzərində Əcəmi Əbubəkroğlunun adı olan qoşaminarəli portalın kitabəsi XIX əsrin ortalarında məşhur rus şərqşünası N.Xanıkov tərəfindən oxunmuş və nəşr edilmişdir. Şərqşünas alimin qeydlərinə görə, portalın üzərindəki kitabədən onun Atabəylər dövlətinin atlı qoşun başçısı və vergiyığanı Əmir Nurəddin tərəfindən 1187-ci ildə tikildiyi bildirilir. Həmin kitabədə, o biri abidələrdə olduğu kimi, “Memar Əcəmi Əbubəkroğlu Naxçıvaninin əsəridir” cümləsi ərəb dilində kufi xətlə yazılmışdır.
Naxçıvan memarlıq məktəbinin yadigarları olan sənət abidələri öz dövrünün ən yüksək sənət nümunələri kimi Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Azərbaycan memarlığının mahir sənətkarı kimi tanınmış Memar Əcəmi Əbubəkroğlu öz sənət əsərləri ilə yaradıcılıq zirvəsinə qalxmış, sənət yadigarları ilə adını əbədiləşdirmişdir.
Məlumat üçün bildirək ki, UNESCO Baş Konfransının 2024-cü ilin 7-22-noyabr tarixlərində keçirilmiş 42-ci sessiyasında Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin 950 illiyi ilə yanaşı, görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi də 2024–2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilmişdir.
Aytəkin Əliyeva
NMR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin böyük elmi işçisi