Orta əsr tarixi abidələrimiz arasında diqqət çəkən memarlıq nümunələrindən biri də Təbriz şəhərindəki Göy məsciddir. Göy məscid Qaraqoyunlular dövlətinin yadigarıdır. Vaxtilə böyük və əzəmətli memarlıq kompleksi kimi tanınıb. Lakin feodal ara müharibələri zamanı dağıdılıb. Bu günə onun ancaq xarabalığı gəlib çatıb.
Qeyd edək ki, XV əsrdə Təbriz özünün memarlıq - planlaşdırma inkişafının çiçəklənmə dövrünü yaşayıb. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları - Cahanşah Həqiqi (1438-1467), Uzun Həsən (1453-1478) və Sultan Yaqub (1478-1490) bu dövrdə Azərbaycanın paytaxt şəhərində önəmli şəhərsalma tədbirləri həyata keçiriblər. Bir sıra iri memarlıq kompleksləri - Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Azərbaycan memarlığının digər maraqlı və dəyərli nümunələri meydana gəlib.
Cahanşah Həqiqinin hökmdarlığı dövründə Təbrizdə xeyli sayda gözəl binalar tikilir. Bu abidələrin çoxunun adı bizə səyyah Övliya Çələbinin (XVII əsr) əsərlərindən bəllidir. Bu dövrün ən görkəmli abidə tikintisi Müzəffəriyyə memarlıq kompleksidir. Onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və digər tikililər daxildir. Bu nəhəng memarlıq kompleksindən yalnız kompleksin baş tikilisi - memarlıq tarixinə Göy məscid adı ilə daxil olan əzəmətli cümə məscidi qalıb. Mütəxəssislər bildirir ki, quran ayələri ilə bəzədilən, giriş baştağının dərin taxçasını dövrələyən “P” formalı çərçivə içərisindəki yazıda Müzəffəriyyə kompleksinin tikilmə tarixi (hicri 870 - miladi 1465) göstərilib. Yazı “Əqəl-əl-ibad (aciz qul) Neymətullah bin Məhəmməd əl-Bəvvab” sözləri ilə tamamlanıb. Bir qrup tədqiqatçı bu yazıya əsaslanaraq ehtimal edib ki, Göy məscidin inşaatçısı-memarı Neymətullah Bəvvabdır. Lakin sonra Bəvvabın şəxsiyyəti araşdırılır və məlum olur ki, o, yalnız dövrünün mahir xəttatı olub.
XX əsrin əvvəllərində alman alimi E.Dits Məşhəddəki Şah məscidini Təbrizin Göy məscidi ilə müqayisə edərək yazıb: “Böyük inamla demək olar ki, bu, iki abidə bir memara - Şah məscidinin kitabəsində adı olan Əhməd Təbriziyə məxsusdur”. Araşdırıcılar bildirirlər ki, dövrün bir çox alimi kimi, E.Dits də yanlış olaraq Göy məscidin Şah məscidindən tez inşa edildiyini göstərib. Bir fərziyyə də irəli sürüb ki, Əhməd Təbrizi bu məscidi tikdikdən sonra tanınıb. Məhz bundan sonra Məşhədə çağırılıb. Lakin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Cəfər Qiyasi haqlı olaraq qeyd edib ki, "Təbrizdə Göy məscid kimi nadir və mükəmməl tarixi-memarlıq abidəsini yaratdıqdan sonra memarın Şah məscidi kimi ortabab bir bina inşa etməsi isə inandırıcı deyil".
Abidələrin memarlıq-planlaşma həlli arasında olan oxşarlıq onların bir memarın yaradıcılıq səpkisinə deyil, bir memarlıq məktəbinə aid olması ilə bağlıdır. Hafiz Hüseyn ”Cənnət bağları və cənnətlər cənnəti” əsərində bildirib ki, Cahan şahın sevimli arvadı Xatunxan bəyim saraya hörmətli şəxslərlə bərabər, xüsusi olaraq görkəmli sənət adamlarını da çağırır. Müzəffəriyyə kompleksinin əsasını qoymaq və bu məsuliyyətli işi uğurla başa çatdırmağı Şeyxlər nəslindən olan Xacə Məhəmməd ibn Xacə Osmana tapşırır.
Nəhayət, XX əsrin 70-ci illərində Göy məscidin “təmizlənməsi” və “bərpası” zamanı üstü yazılı kvadrat kaşı lövhə tapılır. Üstündə qabarıq hərflərlə və nəsx xətti ilə yazılmış yazı oxunur: “Be sərkareye Izzətdin Qapuçi ibn Məlik”. Beləliklə, Göy məscidin inşasına başçılıq edən mütəxəssislərin kimliyi müəyyənləşir: baş memar - Xacə Əli Küçəçi, monumentalist xəttat - Mövlanə Nemətullah Bəvvab və baş iş icraçısı - Izzətdin Qapuçi. Bu yüksək ixtisaslı yerli ustalar Təbriz memarlıq məktəbinin zəngin ənənələri mühitində, təsiri Azərbaycanın hüdudlarından kənara çıxan nadir memarlıq əsəri yaradıblar.
Mütəxəssislər bildirirlər ki, mühəndis-konstruktiv cəhətdən Göy məscid Təbriz memarlıq məktəbinin ən böyük nailiyyətlərindən olub. Abidənin bugünkü görünüşü onun həcm-məkan quruluşu haqqında dolğun təsəvvür yaratmır. Həm interyer, həm də fasad bəzəyinin rəng koloritində göy rəng üstünlük təşkil etdiyindən abidə Göy məscid adını alıb. Məscid heyrətləndirici mavi parlaqlığına görə isə “İslamın firuzəsi” adlandırılıb. Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik və gözəllik zirvəsi hesab olunub.
Savalan Fərəcov