Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları arasında Səid Rüstəmovun öz yeri, dəst-xətti var. Onun musiqi dili anlaşıqlı və yaddaqalandır. Yüksək xalq sevgisindən yaranan bu musiqi insanların qəlbinə yol tapmağa, onların hisslərinə hakim kəsilməyə qadirdir. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb.    

    Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də indi Ermənistan ərazisi olan tarixi yurdumuzda - İrəvanda anadan olub. Erkən yaşından atasını itirən Səid qardaşlarının himayəsində böyüyür. 1919-cu ildə erməni quldur dəstələrinin qırğınlarından qurtulmaq üçün ailəsi Gəncəyə, 1920-ci ildə isə Ağdaş rayonuna köçür. Ağdaşda yaşadığı illər balaca Səidin sənətə olan ilk maraq dövrüdür. Burada özfəaliyyət dərnəyində pianoda çalmağı öyrənir.
   Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür. Səid Müəllimlər Seminariyasına daxil olur, burada musiqi dərslərində truba çalmağı öyrənir. Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənəti ilə demək olar ki, əbədi qovuşdurur. Bu xatirə bəstəkara həsr olunan radiooçerklərin birində öz dilindən belə səslənib...
   «Həm musiqi, həm də rəsm dərslərini eyni məktəbdə keçirdik. Bir gün rəsm məşğələsindən çıxmışdım. Otaqların birindən gələn piano səsi məni valeh etdi. Ayaq saxlayıb qulaq asmağa başladım. Birdən müəllimlərdən biri mənə yaxınlaşdı və dedi: Nə üçün burada durmusan? Cavabında - eşitdiyim musiqi çox xoşuma gəlir, ona qulaq asıram - dedim. Müəllim mənim musiqiyə münasibətimi soruşdu. Mən də bu sənətə olan böyük məhəbbətimi və həm piano, həm də truba alətlərində ifa edə bildiyimi söylədim. O, mənim başımı sığallayıb musiqi səsi gələn otağın qapısını açdı, əlimdən tutdu və biz içəri daxil olduq. Piano arxasında mehriban çöhrəli bir kişi əyləşmişdi. Onlar salamlaşdılar. Sonra müəllim məni o şəxsə təqdim edib - bu uşağın yaxşı musiqi duyumu var - dedi. Beləliklə, onlar birlikdə mənim musiqi qabiliyyətimi, ifa bacarığımı yoxladılar. Nəhayət, mən başa düşdüm ki, bu mehriban şəxs Üzeyir bəydir. Beləliklə, Üzeyir bəy məni dərhal musiqi texnikumunun tar sinfinə göndərdi. O gündən də həm mənə atalıq qayğısı göstərdi, həm də sənət yolumu müəyyən etdi».
   Səid Rüstəmov musiqi texnikumunda muğamları ustad tarzən Mənsur Mənsurovdan, not dərslərini isə dahi Üzeyir bəydən alır. O, istedadlı və bacarıqlı bir tələbə kimi bütün müəllimlərin rəğbətini qazanır. 1929-cu ildə, yəni musiqi texnikumunu bitirməzdən bir il əvvəl həmin məktəbdə tar müəllimi kimi fəaliyyətə başlayır.
   1930-cu ildən fəaliyyətə başlayan bəstəkarın ilk əsəri də S.Vurğunun sözlərinə bəstələdiyi «Pioner» marşı olur.
   1931-ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy onu orkestrə həm tarzən, həm də konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur, özü də bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın «Bayatı-Kürd» fantaziyası bu əsərlərindəndir. «Yaxan düymələ» və «Yadıma düşdü» xalq mahnılarını ilk dəfə xalq çalğı alətləri orkestri üçün məhz S.Rüstəmov işləyib. O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub. Bu illər ərzində orkestrin ifaçılıq imkanları xeyli genişlənmiş və daha da təkmilləşmişdir.
   Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S. Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək- zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan «Oxu, gözəl», «Hardasan?», «Həkim qız», «Getmə-getmə», «Haralısan?», «Bənövşə», «İntizar», «Sürəyya», «Sumqayıt», «Yürüş marşı», «Cəbhəyə», «Qurban adına», «Sənindir» və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib.
   Bəstəkarın yaradıcılığında instrumental əsərlər də böyük yer tutur. Bu mənada yenə xalq çalğı alətləri orkestri üzərində dayanacağıq. Çünki S.Rüstəmov «Azərbaycan süitası»nı, «Sevinc» rəqsini və digər əsərlərini məhz bu orkestr üçün yazmışdır.
   Bir halda ki, bəstəkarın tar ilə xalq çalğı alətləri orkestri üçün yazdığı əsərini xatırladıq, onu da deməliyik ki, bu alət onun pedaqoji fəaliyyətində də geniş yer tutur. Bəstəkar 1935-ci ildə «Tar məktəbi» adlı ilk tədris vəsaitini yazıb. Bu qiymətli əsər bir neçə dəfə nəşr olunub. Bütün ustad tarzənlər bu mənbəyə müraciət edib və bugünkü nəsil də ondan bəhrələnir.
   S.Rüstəmovun yaradıcılığının mühüm bir istiqaməti də var ki, bu bəstəkarın xalq musiqisinə münasibətidir. Yaradıcılığının ilk dövrlərindən xalq musiqisi ilə, folklorumuzla ciddi maraqlanan bəstəkar bu sahədə müstəsna xidmətlər göstərib. İlk dəfə aşıq musiqisi nümunələrini məhz S. Rüstəmov nota köçürmüşdü. Daha sonra - 1938-ci ildə ustad xanəndə Cabbar Qaryağdıoğlunun ifasından 50 xalq mahnısını nota salmışdır. Bundan əlavə «100 xalq mahnısı» məcmuəsi, bir neçə mahnı və rəqslərin orkestr üçün işlənməsi də məhz S.Rüstəmov yaradıcılığına aiddir.
   Milli musiqi xəzinəmizə gözəl incilər bəxş edən Xalq artisti, Dövlət mükafatı laureatı, professor S.Rüstəmovun geniş yaradıcılıq fəaliyyətinə onun ictimai xadim kimi xidmətləri də daxildir. Bircə bunu demək kifayətdir ki, dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsi məhz S.Rüstəmova həvalə olunub (1949-1953-cü illər).
   O, həyat və yaradıcılığı ilə əbədiyaşar sənətkar ömrünə nail olmuşdur.
   S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat edib. Amma Azərbaycan musiqi sənəti tarixində o daim yaşayır. Çünki bəstəkarın adı həm xalq çalğı alətləri orkestri, həm də əsərləri ilə qoşa çəkilir. Hələ neçə-neçə nəsillər böyük bəstəkarın yaradıcılıq irsindən dərs alıb, onun sənət çeşməsindən bəhrələnəcək.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas