Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı bu yay Xocavənd rayonu ərazisindəki Nərgiztəpə abidələr kompleksində arxeoloji araşdırmaları davam etdirib.

Arxeoloji qrupun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev bildirib ki, Nərgiztəpənin cənub-şərq ətəyində çox iri, yonulmamış qaya parçalarından bir cərgə düzülməklə inşa edilən və uzunluğu 60 metrə çatan divar qalıqları diqqəti cəlb edir. Divardan şərqdə - bayır tərəfdə qədim xəndəyin qalıqları var. Cənubda isə bu divar torpaq səddə söykənir. Divarın tikintisində hər hansı bərkidici maddədən istifadə edilməyib. Bu xüsusiyyətlərinə görə, divar qalığı Azərbaycanda daha çox “təpəgöz qalaları” kimi tanınan klassik siklop tikililəri sırasına daxildir. Azərbaycanın qərb bölgələrində, xüsusilə Daşkəsən və Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasının ərazisində, indiki Ermənistan respublikasında - Göyçə gölü ətrafında da belə tikililər çoxdur.
Ərazidə erkən orta əsrlərə aid qab qırıqlarına, saxsı parçasından düzəldilmiş təkərciyə, daşdan əmək alətlərinə rast gəlinməsi göstərir ki, Nərgiztəpə yaşayış məskəninə məxsus antik dövr nekropolu üzərində sonralar yeni məskən salınıb. T.Əliyev deyir ki, burada qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Rəvayətə görə, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bir çoxu, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar bu ərazilərdə baş verib. Burada addımbaşı rast gəlinən iri yumru daşlar isə Qaraca Çobanın “sapand daşları”dır. Ümumiyyətlə, Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiqləyir. Ərazidəki tarixi, arxeoloji, memarlıq abidələrinin, “Kitabi-Dədə Qorqud”la səsləşən toponimlərin elmi əhəmiyyəti burada intensiv tədqiqatların aparılmasının, arxeoparkın yaradılmasının, turizm obyektlərinin açılması istiqamətində kompleks tədbirlərin görülməsini zəruri edir.