Xəbər verildiyi kimi, Gəncə şəhəri 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) “Mədəniyyət paytaxtı” elan olunub. Martın 18-də şəhərdə layihənin təntənəli açılış mərasimi olacaq.
Tədbirlərin keçiriləcəyi əsas məkan olan Heydər Əliyev Mərkəzində və Park kompleksində də hazırlıq işləri başa çatıb.
Kompleksin Zəfər tağından başlayaraq Heydər Əliyev Mərkəzinin yerləşdiyi binaya qədər xiyabanın sağ və sol hissələrində 25 pavilyon quraşdırılıb. Xarici ölkə nümayəndələrinin də iştirak edəcəyi mərasimdə qonaqlara pavilyonlarda Gəncə şəhərinin çoxəsrlik tarixini, zəngin mədəniyyətini özündə əks etdirən el sənətkarlığı nümunələri nümayiş olunacaq. Gəncə mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və müxtəlif şirniyyatlar təqdim ediləcək. Mərasimdə şəhərin bütün idarə, təşkilat və müəssisələri hər biri ayrıca guşə ilə təmsil olunacaq.
Gəncədə fəaliyyət göstərən teatrlar, incəsənət və yaradıcılıq mərkəzləri, eləcə də folklor və musiqi kollektivləri tədbirin daha da yaddaqalan olması üçün səhnələşdirilmiş musiqi proqramı ilə çıxış edəcəklər.