Mart ayının sonlarında Yaponiyanın paytaxtı Tokioda Beynəlxalq Musiqişünaslıq Cəmiyyətinin (İnternational Musicology Society - İMS) sayca 20-ci yubiley konqresi keçirilib. 600-dən çox mütəxəssisin qatıldığı nüfuzlu elmi məclisdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva da iştirak edib.
Sürəyya xanım beynəlxalq tədbirlərdə Azərbaycan musiqi nəzəriyyəsi elmini, xüsusən də muğamlarımızın tarixini yorulmadan təbliğ edən alimlərimizdəndir. Bizimlə söhbətində bildirdi ki, budəfəki konqres «Musiqişünaslıq: nəzəriyyə və təcrübə, Şərq və Qərb» mövzusuna həsr olunmuşdu. Dünya musiqişünaslığında orta əsr Şərq musiqisinə dair traktatlara, risalələrinə çox zaman sxolastika, təcrübəyə heç bir aidiyyəti olmayan əsər kimi münasibət bəslənilir. Ərəb hərfləri, işarələri ilə qeyd edilən musiqi səslərinin şəkli olan cədvəlləri açmaq, başa düşmək çətindir. Məsələn, Əbu Nəsr Fərabi, Səfiəddin Urməvi ərəbcə, Əbdülqadir Marağayi farsca yazıb. Üstəlik, onların yazdığı dil indiki müasir ərəb, fars dillərindən qəlizdir. Digər çətinlik də həmin əsərlərin üzlərini köçürən xəttatların bəzi musiqi istilahlarının yazılışında səhvlərə yol verməsi ilə bağlıdır.
Ömrünü Şərq musiqi traktatlarının öyrənilməsinə həsr etmiş Sürəyya Ağayeva bu konfransda belə səthi fikirləri inkar edən «Orta əsr Şərqində musiqi haqqında traktatlarda nəzəriyyə və təcrübənin əlaqələri haqqında» mövzusunda çıxış edib.
Məruzə Əl-Kindinin (IX əsr), Fərabinin (X əsr), eləcə də orta əsrlər Azərbaycan musiqiçi-alimləri Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əlyazmalarından illüstrasiyalar və milli muğamlarımızdan videofraqmentlər ilə müşayiət olunub. O, məruzəsində sübuta yetirib ki, adıçəkilən alimlərin nəzəri əsərlərinin musiqi ifaçılığı, xüsusən də Azərbaycan muğamları ilə sıx əlaqəsi var.
Sürəyya xanım təşkilatın 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə 2012-ci ildə «Şərq-Qərb» nəşriyyatında rus dilində çap olunmuş «Azərbaycan Muğamı Ensiklopediyası»nı Beynəlxalq Musiqişünaslıq Cəmiyyətinə (BMC) və Tokio İncəsənət Universitetinə hədiyyə edib. O, müəllifi və tərtibçisi olduğu bu ensiklopediyanı təqdim edərkən diqqətə çatdırıb ki, nəşrin redaksiya heyətinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevadır. Vurğulanıb ki, Heydər Əliyev Fondunun prezidenti olan birinci xanımın məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan muğamı dünya miqyasında layiqincə təbliğ olunur.
BMC-nin prezidenti, professor Daniel Çua, Tokio İncəsənət Universitetinin professoru Tsuçida Eyzaburo sanballı tədqiqat toplusunu böyük minnətdarlıqla qəbul ediblər.
Gülcahan Mirməmməd