biri – ədəbiyyatımızda “60-cılar”ın bayraqdarı olmuş HÜSEYNOV, biri – SafAğ YOLlu MUĞANNA...
Birincidə – bolşevik ideologiyasından, ümumən sovet klişelərindən xeyli xali bir ədəbiyyat; “Kollu koxa” klassikalı, sosial-mental mənzərəli idillik Azərbaycan kəndinin canlı yaşantıları, məşğuliyyət və məşəqqətləri, müharibə öncə-soncası dövrlərinin epik-dramatik (bəzən də lirik) panoramı, ikincidə – Yer-Göy ilə Qələmləşən (bəzi tənqidçilərə görə, “əlləşən”) ədəbiyyat; “Məhşər”əçəkmə, “İdeal”lama, “Cəhənnəm”ləmə, “İsahəq-Musahəq”ləmə çabaları...
“Panoram”da Yer rejimlərinə qarşı epizodik sətiraltı eyham-atmacalar, Göy “çabaları”nda isə aşırı şüurüstü müddəa və... iddialar!
İlk bədii yazısı (“Anadil oxuyan yerdə”) “İnqilab və mədəniyyət” jurnalında (1949) çap edilən ədib 50-ci illərdən etibarən maraqlı əsərlərlə (“Bizim qızlar”, “Dan ulduzu”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Kollu koxa” və s.) müntəzəm nəşr olunmağa, xarici dillərə tərcümə edilməyə başlayır, ssenariləri əsasında filmlər (“26 Bakı komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nizami”) çəkilir.
Əsrin sonlarından isə ədəbiyyatımızda xüsusi bir “İsa Muğanna epoxası” başlayır. Ancaq həm də, yuxarıda him etdiyim mübahisə-müzakirələr fonunda...
Bu “fon” oxucularımızın əksəriyyətinə bəlli; böyük ədibin “Muğanna dövrü” yaradıcılığı birmənalı qarşılanmayıb və bu ikililik öz “obyektiv-subyektiv”liyilə hələ də davam edir. Özü də, maraqlıdır ki, onun hər iki imza ilə yazdığı əsərləri qəbul edən tərəflər də təxminən yarı-yarıyadır.
Elə bu “dilemma”-məqamda qeyd edək ki, müsahibələrinin birində: “Mən İsa Hüseynova nifrət edirəm!”, digərində: “Əsas olan öz qəlbindəkiləri yazmaqdır” demiş bu bütöv “iki”li müəllif haqda –
“Konsensus” qənaətlilər də çoxdur
Onlardan – akademik İsa Həbibbəyli:
Xeyli ixtisarla təqdim etdiyim “İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya” məqaləsində sözügedən “ikili”lik məsələsinə “Xalq yazıçısı İsa Hüseynovun Azərbaycan ədəbiyyatında böyük yeri və sanballı xidmətləri vardır” qənaətilə ayaq verən İ.Həbibbəyli bu orijinal ədibin yaradıcılığını ədəbi tənqidin klassik axar-ağırlığında davam etdirir: “Etiraf etmək lazımdır ki, çətin və mürəkkəb mərhələdə İsa Hüseynov canlı həyat nəfəsi üstündə köklənmiş maraqlı, cəlbedici əsərləri ilə real gerçəkliklərin təsviri və sadə insanların adi həyatı ilə ifadə olunan ciddi, mühüm mətləblərin böyük ədəbiyyatını yarada bilmişdir. İ.Hüseynovun qeyd olunan dövrdəki hekayələri ilə sanki bu janr təzə mərhələdə yenidən doğulmuşdur. İsa Hüseynovun sayca çox olmayan hekayələri həyatın elə seçilmiş anlarına, insan dünyasının elə dərin qatlarına işıq salır ki, bunlar yalnız məhz onun özünə məxsus olan işıqlı müşahidələri əsasında yazıla bilərdi.
İsa Hüseynovun povestlərində həyat roman miqyaslı bir dərinlik və əhatəliliklə göstərilir. Onun əsərləri, xüsusən də hekayə və povestləri insan və zaman haqqında yanar ürəklə deyilmiş yazıçı monoloqudur. İsa Hüseynov yaradıcılığını xarakteri etibarilə məşhur qırğız yazıçısı Çingiz Aytmatovun povestləri ilə müqayisə etmək olar; bu əsərlərdə gerçəkliyin yaratdığı gərginliklər yazıçı müşahidəsi, sənətkar təxəyyülündən doğan mükəmməl bir lirizmlə müşayiət olunur.
İsa Hüseynov yaradıcılığı Azərbaycan bədii nəsrinin böyük ustadı Cəlil Məmmədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasında körpü funksiyasını daşıyır. Onun əsərləri Azərbaycan altmışıncılarının möhtəşəm bir proloqudur... O, sanki doğma və yad adamlar haqdakı qənaət və təəssüratlarını həmin “altmışıncı”lara təhvil verib, özü tamam yeni bir sahə ilə – tək elə özünün deyil, geniş mənada Azərbaycan ədəbiyyatında özünəməxsus bir istiqamət olan “İdeal” və bunun davamı ilə məşğul olmağa keçmişdir. “İdeal”a, hər şeydən çox, İ.Hüseynov dünyası kimi baxmaq olar. Ədəbiyyat gözü ilə baxanda “İdeal” mücərrəd görünür. Lakin yazıçının bu romanın çapından sonrakı şəxsi həyatı və yaradıcılığı göstərdi ki, o, bu qəbilli əsərlərində inandığı və sanki hətta yaşadığı dünyanı təqdim edir. Əgər bu fəlsəfə “İdeal”la bitmiş olsaydı, onda SafAğ yolunu İ.Hüseynov yaradıcılığında keçici bir ovqat, yaxud keçid dövrü kimi qəbul etmək olardı. Lakin bundan sonrakı “Qəbiristan”, “Cəhənnəm”, “GurÜn”, “İsahəq-Müsahəq”, “İlan dərəsi” kimi əsərlərində “İdeal” dünyasının daha da sistemləşib-dərinləşdiyinin şahidi olursan...”
Tənqidçi Əsəd Cahangir:
“Muğanna... İdealistik mahiyyətcə daha qədim, informativcə daha müasir, yeni təxəllüs...
İsa Muğanna yaradıcılığını dövrlərə bölənlər var və onlardan 50-58-ci illər – sosrealizm, 58-80 – realist-psixoloji və ondan sonrakı (“İdeal” da daxil) – postmodern dövrləri.
Vurğulayırlar ki, İ.Muğanna seçilmiş adamdır; seçilmişlərin həyatında isə təsadüfi heç nə olmur; onlar gözə görünən və görünməyən qüvvələr tərəfindən idarə olunurlar. O, “Məhşər”i yazmalıydı ki, sonra “İdeal”ı yazıb, öz başlıca missiyasını yerinə yetirsin; onun bütün varlığı axırda “İdeal”ı yazması üçün hazırlanmışdı...
O, Azərbaycanın yeganə nasiri idi ki, guşənişin həyatın mənəvi çətinliklərinə dözüb otuz ildən çox evdən bayıra çıxmadı.
Başı çox çəkmişdi bu ədibin; “Yanar ürək” əsərinə görə hədsiz sorğu-suala çəkmişdilər, nə var-nə var – raykom katibini hallandırmışdı...
Kommunizmi, dinləri inkar edən bu ədib “OdƏr” inancına tapınmağa başlamışdı.
Onun bir “Odağüz” planeti vardı; təmiz ruhlar işıq gəmilərində o planetə gedir, günahkar ruhlar isə yox. “Cəhənnəm” deyilən şey də elə bundan ibarətdir. Kim bu dünyada əbədiyyət qazanmaq istəyirsə, ruhunu saf saxlamalıdır və… beləliklə, “SafAğ” fəlsəfəsi!..”
Qeyd etməliyəm ki, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq öz tədqiqati mühakimələrində “mənfi”li-müsbətli “İsa Hüseynov-Muğanna” fenomeni haqda daha müfəssəl, daha konseptual qənaətlər irəli sürüb. Lakin onlar qəzet yazısı həcminə əl vermədiyindən, bunu hörmətli oxucularımıza xatırlatmaqla kifayətlənməli oluram.
İstədim ki...
bu böyük ədib, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, bənzərsiz ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı haqda müxtəsərcə bir “tərcümeyi-hal” yarımbaşlığı da açam, gördüm bu məsələ onun öz müsahibələrindən birində (“Azərnəşr”də redaktor, “Literaturnı Azerbaydjan”da şöbə müdiri, “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor, Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor çalışmaları istisna edilməklə) daha ətraflı və şirinliklə təsvir-təfsir olunub:
“Mən əvvəlcə Tibb İnstitutuna qəbul oldum. Hələ uşaqkən könlümə həkimlik “mərəzi” düşmüşdü. Ancaq elə oldu ki, oradakı müəllimlərdən biri kobud rəftarı ilə məni bezdirdi və mən bu təhsili yarımçıq qoydum. Kəndimizdə müəllim işləyən atama məktub yazdım ki, mən bu institutu tərk elədim.
Sonralar atam məni Mehdi Hüseynin yanına gətirdi, onunla əmiuşağıydıq. Dedi, bax gör bundan nəsə çıxarsa, qalsın burda, yox əgər elə-belədisə, aparım kənd-kəsəyə. Sonra qohumlardan biri mənə məsləhət gördü ki, sənədlərimi ADU-nun Filologiya fakültəsinə verim. Qəbul olundum, başladım təhsil almağa.
O vaxt Bakıda qohumumgildə qalırdım. Bir gün o qohum Mehdi Hüseyni çağırdı ki, a Mehdi, bu İsa bizim başımıza oyun açır, gecə səhərəcən çırağı yandırıb yazır, gəl gör bu nə yazır? O da gəldi, qalın dəftərlərimi götürüb baxdı, qayıtdı ki, dəftərin istədiyin yerindən bir cümlə oxu. Açıb oxuduğum vərəqdə belə bir cümlə vardı: “Yamyaşıl bahar otları onun ayaqları altında soğan kimi xışıldayırdı”. Bu təbiət təsviri M.Hüseynin çox xoşuna gəldi. Dedi, işində ol, hər gecə çırağı yandır, yazmağa davam elə. Beləcə kiçik hekayələr yazmağa başladım...
Sonra ilk oçerkimi yazdım. Atam haqqında idi. Mehdi mənə dedi, səni tənqid edəcəyəm, niyə məhz atan haqda, başqa adam yoxdumu? Dedim, çünki atamı hamıdan yaxşı tanıyıram!
Bir dəfə də Mehdi məndən soruşdu ki, rusca bilirsənmi, dedim, pis bilmirəm. Dedi, səni göndəririk Moskvaya – Qorki adına Ədəbiyyat İnstitutuna. O mühit mənim həyatımda böyük rol oynadı. Oradakı yataqxana kitabxanasında dünya ədəbiyyatı ilə tanış oldum və başa düşdüm ki, ədəbiyyatda təsadüfi adamlara yer yoxdur.
Beləcə, ədəbi mühitə atıldım, ilk povestlərim işıq üzü gördü, təqdir olunmağa, gənc yazıçı kimi tanınmağa başladım. Sonralar isə artıq tənqid atəşinə tutanlar tapıldı, sıxışdırılmağa başladım. Qınayırdılar ki, niyə sovet ideologiyasını, sovet həyatını tərənnüm edən əsərlər yazmırsan.
Bir dəfə Yazıçılar Birliyində məni bərk tənqid etdilər və özümümüdafiəyə imkan vermədilər. Məni onda Rəsul Rza müdafiə etdi, sonra MK-nın birinci katibi Vəli Axundov dedi ki, Rəsul bizim böyük, görkəmli şairimizdir, mən onun fikri ilə razıyam. Mənsə qalxıb dedim ki, hətta qatilə də son söz verilir, ancaq siz mənə söz vermədiniz.
Bir kərə də MK-da AYB nümayəndələrinin iştirakı ilə müşavirə çağırıldı, partiya üzvü olan 45 yazıçıdan 43-ü əleyhimə danışdı. Məni partiyadan çıxardıb AYB-dən qovmaq istəyirdilər. Birdən Mirzə İbrahimov qalxıb dedi “Bu gənc yazıçıdan nə istəyirsiz, o əsərlərini ürəyinin qanı ilə yazıb!”
Radikal dəyişiklikdən sonra məni ədəbi mühitdə tənqid etməyə, sıralarından uzaqlaşdırma cəhdlərinə başladılar. Belə bir vaxtda Heydər Əliyev məni müdafiə etdi. Mərkəzi Komitəyə gəlməmişdən əvvəl evimizə zəng vurub mənimlə görüşmək, ssenarilər yazmağımı istəmişdi. Azərbaycan KP MK-nın birinci katibi olandan sonra məni öz otağına çağırdı, gedib görüşdüm. Sonralar onun məsləhətilə bir neçə ssenarim əsasında filmlər çəkildi. O, məni özüylə çox yerlərə aparardı, çıxış edərdik, sadə insanlarla görüşərdik. Heydər Əliyev hakimiyyətə gələndən sonra ədəbiyyatın istiqamətini dəyişdi. O, ciddi yazıçılara çox qayğı göstərirdi...”
O, bunları da söyləyib: “İlk dəfə “Saz”ın yeni variantını işləmişəm. Sonra “Tütək səsi”ni, ardınca “Quru budaq”, düz yeddi dəfə əl gəzdirdiyim “İdeal” və sair. Qələm artıq yeni yönlərə istiqamətlənmişdi. Bunlar yaradıcılıq axtarışları deyil, ruhi-mənəvi təbəddülat məsələlərindən doğan dəyişikliklərdir. Buna həmişə ehtiyac duyuram. Yazmaq o demək deyil ki, qurtar, qoy bir kənara. Yazıçının əsərləri gərək onunla birgə böyüyə, inkişaf eləyə...”
Bu qədər həyati, real xatirələrdən sonra o, belə-belə anlaşım-yozlaşım fikirlər də söyləyirdi: “Mənim babalarım “OdƏr” dilinə, SafAğ mədəniyyətinə bələd olublar. Bu gün OdƏr dili, OdƏr xalqı barədə həqiqətlər dünyaya düzgün çatdırılmadığına görə şahidi olduğumuz bəlalar baş verir...”
Maraqlıdır ki...
öz milli-mənəvi əxlaq-əqidəsindən başqa, bütün ədəbi-bədii hədəf “mükəlləfiyyət”ini – təxəllüs, tərənnüm obyekti, yaradıcı ömrünün yarıbayarısını həsr etdiyi realizm ədəbi cərəyanını dəyişmiş bu yazıçı fikrən “özəlləşdirdiyi” oxucularının seçiminə “müdaxilə”də də bulunub; onlara – 6 cildlik “Seçilmiş əsərləri” içərisindən seçdiyi (əlbəttə, yalnız “Muğanna” dəst-xətli) “altılıq”ı bu ardıcıllıqda oxumalarını tövsiyə edirdi: “İdeal”, “Məhşər”, “Qəbiristan”, “GurÜn”, “İsahəq-Musahəq”, “Cəhənnəm”.
Bu, artıq, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın qənaətilə desək, “təriqət insanının tövsiyəsidir, müəllim-mürşid mövqeyidir. Bu, artıq yazıçı məfkurəsi yox, planetar düşüncə refleksiyasıdır. Onun sakral, ezoterik nitqə girməsi üçün sənətkar-yazıçı statusundan uzaqlaşması gərək idi. Kosmoqonik gerçəkliyi yeni statusda görməsi üçün ona şöhrət gətirmiş əvvəlki əsərlərdən imtina etməli idi. Buna bənzər hadisə rus klassikləri Qoqol, Tolstoy, Soljenitsında da baş vermişdi. Onlar müəyyən yaradıcılıq zirvəsinə çatdıqdan sonra özlərini yazıçı kimi görməkdən imtina edib, “həyat müəllimi” kimi bəyan etdilər...
İsa Muğanna bizə Göylərə baxmağın, Göylərin qanunu ilə yaşamağın yolunu göstərdi. Göylərin mübarək, Böyük Ustad!”
Elə rəhmətliyində də mübarək!..
Tahir ABBASLI