Forum qonaqlarının dilindən – təəssüratlar, rəylər
Kalle Laanet (Estoniya parlamentinin vitse-spikeri):
- İlk dəfədir ki, Bakı Beynəlxalq Humanitar Forumuna qatılıram. Forum haqqında əvvəllər məlumatım az idi. Lakin bu dəfə şəxsən iştirak etməklə onun dünya üçün nə qədər vacib bir tədbir olduğunu gördüm. VI Bakı Beynəlxalq Humanitar Forumuna 90-dan çox ölkədən nümayəndələr qatılıb. Bu, o deməkdir ki, müzakirə etdiyimiz bütün mövzular həmin ölkələrə çatdırılacaq.
Estoniya və Azərbaycan kimi kiçik dövlətlər dünyaya mesaj vermək üçün imkan axtarırlar. Forum bu mesajların dünyaya çatdırılması üçün həmin imkanlardan biridir.
Sultanbay Rayev (Qırğızıstan Prezidentinin müşaviri):
- Bakı Beynəlxalq Humanitar Forumunda bir neçə dəfə iştirak etmişəm. Sevindirici haldır ki, humanitar məsələlər məhz Azərbaycanda qaldırılır. Bakı humanitar məsələlərin müzakirə meydanına çevrilir.
Aktual məsələlərin müzakirəsi bu tədbirin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Zəmanəmizdə təzadlar olduqca çoxdur. Bəşəriyyət qarşısında müxtəlif xarakterli çağırışlar durub. Bakı beynəlxalq humanitar məkanında məhz bu məsələlər qaldırılır. Qonaqpərvərliyinə və humanitar xarakterli məsələlərin qaldırılmasına şərait yaratdığına görə Azərbaycana təşəkkür edirəm.
Masume Aqapur Alişahi (İranlı deputat):
- VI Bakı Beynəlxalq Humanitar Forumu qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Forum dünya xalqları arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Humanitar Forumda müasir dünyamız üçün olduqca önəmli mövzular müzakirə edilir.
Belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ölkənizin dünyada artan nüfuzuna bariz nümunədir.
İqor Korotçenko (“Milli müdafiə” jurnalının baş redaktoru, Rusiya):
- VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakımdan çox məmnunam. Burada təkcə region üçün deyil, bütün bəşəriyyəti düşündürən mövzular müzakirə edilir. Bu gün dünya üçün qlobal xarakterli məsələlərin müzakirə məkanı olan Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi qismində çıxış edir. Bakıda müzakirə edilən mövzular dünya sivilizasiyasına öz töhfəsini verir. Bütün bunlar isə ölkənin böyük imicindən, onun intellektual miqyasından xəbər verir. Azərbaycan qədim və unikal mədəniyyətilə dünya mədəni irsinə öz töhfələrini verib. Bu gün Azərbaycan malik olduğu mədəni müxtəlifliyi qoruyaraq onu daha da inkişaf etdirir, bəşəriyyəti mədəniyyət vasitəsilə sülhə, bərabərliyə səsləyir. Ona görə ki, qədim mədəniyyətə malik olan xalqlar işıqlı gələcəyi təmin etməyə qadirdirlər. Bakı mənim üçün Xəzərin mirvarisi, dünyanın ən inkişaf etmiş paytaxt şəhərlərindəndir. Qədimlik və müasirlik bu şəhəri təkrarsız edir. Xüsusən də əgər bu paytaxt siyasi və mədəni hadisələrin mərkəzidirsə.
Sri-Sri Ravi Şankar (“Art of Living” Fondunun rəhbəri, Hindistan):
- Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun işçi sessiyalarından birinin multikulturalizm mövzusuna həsr edilməsi olduqca təqdirəlayiqdir. Belə nüfuzlu tədbirlərin dünyada multikulturalizm dəyərlərinin təbliğində böyük rolu var. Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir. Bu, çox sevindiricidir.
Hər kəs başqasının dini inancına, dilinə, aid olduğu etnik qrupa hörmətlə yanaşmalı, insanlar öz seçimlərinə görə qorxu içində yaşamamalıdırlar. Multikulturalizm insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb edir.
Malik Ayub Sambal (Çin Mərkəzi Televiziyasının (CCTV) siyasi şərhçisi):
- Bakı Beynəlxalq Humanitar Forumu bütün dünyadakı humanitar böhranların həllində aktorları birləşdirmək istiqamətində Azərbaycan tərəfindən irəli sürülmüş yaxşı təşəbbüsdür.
Forumda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev dünyada çoxsaylı münaqişələrin, problemlərin gündən-günə artığını qeyd etdi. Bu səbəbdən bütün aktorlar, tərəfdaşlar durmadan artan bu humanitar böhranların həlli üçün səylərini birləşdirməlidirlər. VI Bakı Beynəlxalq Humanitar Forumu dünyada yüksək qiymətləndirilən və bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür.
Məhəmməd bin Mübarək əl-Ərimi (Oman Xəbər Agentliyinin baş direktoru):
- Bakıda olmağımdan məmnunluq hissi keçirirəm. Hər dəfə gələndə yeniliklərin, inkişafın şahidi oluram. Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olması əlbəttə, təqdirəlayiqdir. Burada VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsinin dünya üçün böyük əhəmiyyəti var.
Forumda müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı ilə qlobal problemlər müzakirə edilib, əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılıb. Bütün bunlar ümumilikdə dünya üçün faydalıdır.