Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər üç ölkənin səfirləri ilə görüşüb
   
   ABŞ şirkətləri Azərbaycan haqqında bələdçi kitabların hazırlanmasında iştirak edə bilər
   
   Yanvarın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Riçard Morninqstarı qəbul edib. Görüşdə ABŞ səfirliyinin dəstəyi ilə kitabxana, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələr müzakirə olunub.
   Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edərək bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə silsilə tədbirlər keçirməkdə maraqlıdır. Nazir son illərdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Neft Şirkəti, diaspor təşkilatları tərəfindən Amerikada Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin təşkil olunmasını xatırladıb.
   Səfir R.Morningstar öz növbəsində regionlarda fəaliyyət göstərən kitabxanalarda Amerika Corners proqramının koordinatorlarının fəaliyyətinə nazirlik tərəfindən dəstək verilməsini xahiş edib. Nazir isə ölkəmizdə yeni təmir olunmuş mədəniyyət müəssisələrində yüksək texniki avadanlığın idarə edilməsi və müvafiq kursların təşkil olunmasında köməyə ehtiyac olduğunu bildirib.
   Nazir həmçinin səfirdən 29 may - 1 iyun 2013-cü il tarixdə Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Amerikadan nüfuzlu dövlət xadimlərinin dəvət olunması istiqamətində dəstək göstərilməsini xahiş edib.
   Əbülfəs Qarayev Amerikada turizm-bələdçi kitabları nəşri sahəsində fəaliyyət göstərən şirkətlərin Azərbaycan haqqında bələdçi kitablar hazırlanması layihəsinə cəlb olunması ilə bağlı təklif irəli sürüb.
   Görüşün sonunda səfir səmimi görüşə görə nazirə təşəkkürünü bildirərək iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib.
   
   Azərbaycan və Bolqarıstanda qarşılıqlı mədəniyyət günləri keçiriləcək
   
   Həmin gün nazir Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycandakı səfiri xanım Maya Hristova ilə görüşüb. Görüşdə iki ölkənin mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, mövcud müqavilə-hüquq bazasının əməkdaşlığın inkişafına təkan verdiyi bildirilib.
   Söhbət əsnasında səfir M.Hristova Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması məsələsinə toxunaraq iki ölkə arasında turizm əlaqələrinə töhfə olacağını deyib. Nazir bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunmasını tövsiyə edib.
   Daha sonra görüşdə Bolqarıstanın turizm potensialının öyrənilməsi məqsədilə səfərlərin təşkil olunması, 2014-cü ildə Azərbaycanda Bolqarıstan Mədəniyyət Günlərinin, 2015-ci ildə isə Bolqarıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
   
   Kuba rəssamları Bakıda sərgi keçirmək istəyirlər
   
   Nazir Əbülfəs Qarayev ilə Kuba Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Omar Medina Kintero ilə də görüşüb. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
   Nazir Azərbaycan-Kuba Hökumətlərarası Komissiyasının həmsədri kimi əməkdaşlığın iqtisadi, mədəni, turizm, səhiyyə və digər sahələrdə canlandırılmasının zəruriliyini qeyd edib. İki ölkə rəhbərliyinin himayəsi ilə münasibətlərin inkişaf dövrünü keçdiyi bildirən Əbülfəs Qarayev qarşılıqlı səfərlərin təşkilini və Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsini təklif edib.
   Kuba səfiri ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Diplomat bu ilin payızında Bakıda Kuba rəssamlarının əl işlərindən ibarət sərginin təşkilinə nazirliyin dəstək verməsini xahiş edib.
   Söhbət əsnasında iki ölkənin turizm potensialının təşviqi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin vacibliyi də vurğulanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar