Azərbaycan ənənəvi sənətkarlığına aid nümunələr Səudiyyə Ərəbistanı Krallığının Riyad şəhərində keçirilən "II Səudiyyə Beynəlxalq Əl İşləri Həftəsi" sərgisində nümayiş etdirilir.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, sərgidə qoruq idarəsinin Ənənəvi İncəsənət Mərkəzi və Muzey Mərkəzi, eləcə də Qala Qoruğunun "Qurama" Mərkəzi tərəfindən qurama, keçə sənəti, miniatür, təzhib, dulusçuluq, keramika, batika, zərgərlik, sədəfkəsmə və taxta üzərində işləmə kimi Azərbaycan ənənəvi sənət növləri ilə yanaşı, müasir texnologiyanın tətbiqi ilə hazırlanmış, təbiətdəki ahəngi özündə ehtiva edən nano-qurama instalyasiyası təqdim olunur. Qeyd olunan qədim sənət nümunələri sərgiyə qatılan yerli və xarici izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi noyabrın 29-dək davam edəcək. Sərgidə iştirak etməkdə məqsəd Azərbaycan mədəniyyətinin zəngin ənənələrini və ekoloji cəhətdən dost olan sənətkarlıq sahələrini dünya ictimaiyyətinə tanıtmaq, ölkəmizin ənənəvi sənətkarlığına marağın artırılmasına töhfə verməkdir.