Nəsrimizdə yeni-yeni əsərlər yazılsa da, sözün əsl mənasında ədəbiyyatda hadisə sayıla biləcək əsərlər hələ gözə dəymir. İnsanların ən çox oxuduğu kitablar detektiv əsərlər, ulduz falları, yuxu yozmaları və s. bu kimi kitablardır. Əsl ədəbi əsərlərlə çox az adam maraqlanır. Hazırda şeirimizin durumu nəsrlə müqayisədə çox-çox yaxşıdır. Nəsrdə zəif hekayəçilik, yersiz uzunçuluq, boş süjetçilik arxasınca qaçmaq sovet dönəminin bəlası kimi bu gün də davam etməkdədir. Ədəbiyyatla ciddi maraqlanan universitet müəllimlərinə və tələbələrə müasir nəsrimizlə bağlı aşağıdakı sualla müraciət etdik.
  
   - Müasir nəsrimizin vəziyyəti necədir, son dövrdə kimləri oxuyursunuz?
  
   Rəhilə Qeybullayeva,
   Bakı Slavyan Universitetinin müəllimi
   - Sovet hökuməti dağıldıqdan sonra yaranmış idealar da dağıldı və yerində bir boşluq yarandı. Hətta sosialist realizminə istinad etməyən müəlliflər bir növ boşluqda qaldılar. Bir tərəfdən ənənələr davam eləyir, digər tərəfdən isə bütün mənəvi dəyərləri alt-üst eləməyə çalışanlar meydana çıxdılar. Müasir nəsrimizdə isə vəziyyət müəyyən qədər yaxşıdır. Nəsrimizin gələcək inkişafına da inanıram.
   Anar, Kamal Abdulla, Aydın Talıbzadə, Ramiz Rövşən, Əli Əkbər və b. ən çox oxuduğum nasirlərdir.
  
   Aydın Xan (Əbilov),
   «Xəzər» Universitetinin müəllimi
   - Azərbaycan nəsrinin son on ilinə nəzər salsaq, görəcəyik ki, çox maraqlı, dəyərli nəsr nümunələri yaradılmışdır. Nəsrdən söhbət gedəndə sözsüz ki, irihəcmli əsərlər - povest və romanlar nəzərdə tutulur. Anarın “Ağ qoç, qara qoç”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Elçinin “Bayraqdar”, Afaq Məsudun ”Azadlıq”, Elçin Hüseynbəylinin “On üçüncü həvari - 141-ci Don Juan”, Hüseynbala Mirələmovun “Gəlinlik paltarı”, Yusif Əhmədovun “Ələkeçməzlər”, Sabir Rüstəmxanlının “Ölüm zirvəsi”, Əli Əkbərin “93 Tanrıların qürubu”, Səfər Alışarlının “Maestro”, Əkrəm Əylislinin “Ətirşah Masan” və b. əsərləri oxumuşam. Bu yerdə xüsusən mən Orxan Pamukun “Qar”, “Mənim adım qırmızı” və “Qara kitab” əsərlərini də yada salmaq istəyirəm. Etiraf edək ki, bu əsərlərin nəsrimizə mövzu və üslub baxımından çox güclü təsiri olub. Fikrimcə, nəsrimizin vəziyyəti bu gün üçün qənaətbəxşdir.
  
   Etibar Lətifov,
   ADMİU-nin sənətşünaslıq fakültəsinin III kurs tələbəsi
   - Müasir nəsrimizi XIX əsrin ortaları və XX əsrin əvvəlləri ilə müqayisə etsək görərik ki, bugünkü nəsrimiz o qədər də məhsuldar deyil. Amma buna baxmayaraq güclü nəsr əsərləri yaradılır. Ən çox oxuduğum nasirlər Anar, Elçin, Əkrəm Əylisli, Hüseynbala Mirələmov və Əli Əmirlidir.
  
   Əsəd Nəsirli,
   Bakı Slavyan Universitetinin ədəbi yaradıcılıq fakültəsinin II kurs tələbəsi
   - Doğrudan da, çağdaş nəsrimizin çox ciddi problemləri var. Əslinə baxsan, Mirzə Fətəli Axundovdan ta üzü bəri xırda istisnaları çıxmaq şərti ilə nəsrimizin çox ciddi problemləri olub. Son yazılarımın birində də demişdim ki, Azərbaycan yazarının istedad problemi yoxdur, şəxsiyyət problemi var. Buna inamsızlığı da əlavə etsək, onda nəsrimizin problemlərinin səbəbini hardasa müəyyənləşdirmiş olarıq. Məsələn, çağdaş nəsr nümunələrimizi oxuyanda insana elə gəlir ki, bu yazarların içində bir inamsızlıq kompleksi var. Sanki onlar F.M.Dostoyovski, F.Kafka, Ç.Aytmatov və b. böyük nasirləri oxuyandan sonra nəsr yazmağın qeyri-mümkün olduğuna özlərini inandırırlar. Bu kompleksdən bir şey də doğur ki, onların qəhrəmanları adama ümidsiz, təslimçi, inamsız təsir bağışlayır. Məncə, nəsrimizin ən ciddi problemləri bunlardır. Son zamanlar nəsrimizdə bir romançılıq dəbə minib. Kimi dindirsən, roman yazdığını bildirir. Əlbəttə, bu, alqışlanası məsələdir. Amma unutmamalıyıq ki, biz də həmişə hekayəçilik problemi olub. Mən daha çox dünya nəsrini oxumağa üstünlük verirəm.
   Amma ümidsiz olmağa da dəyməz. Artıq ədəbiyyata yaxın illərdə gəlmiş gənclərimizin arasında ilk uğurlu addımlarını atmış maraqlı və istedadlı nasirlər var.
  
   Rəbiqə Nazimqızı,
   Gənc Ədiblər Məktəbinin üzvü
   - Hesab edirəm ki, Azərbaycan nəsri bu gün axtarış mərhələsini yaşayır. Yanlış anlaşılmasın deyə, qeyd edim ki, mən gənc nasirlərin yaradıcılıq axtarışlarını nəzərdə tuturam.
   Sevindirici haldır ki, canatım var, cəhd var, yazmaq həvəsi var. Böyük əksəriyyət isə roman yazmaq barədə düşünür. Amma son dövrlərdə hadisə sayıla bilən bir nümunə, nə qədər düşünsəm də, xatırlamıram. Bu da ondan irəli gəlir ki, gənclərdə təcrübə azdır və ciddi dil-üslub problemi var. Amma ümidverici imzalar da var. Jalə İsmayılın adını çəkmək istərdim. Onun “Payız” və “Əliş kişinin yada salınmağı” mənə olduqca maraqlı gəldi. Orta yaşlılardan Elçin Hüseynbəylinin adını çəkə bilərəm, baxmayaraq ki, bəzən onun ironik yanaşması mənim mütaliəmə çətinlik yaradır. Bundan başqa, Afaq Məsudun da yaradıcılığını izləyirəm.
  
   Rövşən Tağıyev,
   BDU-nin II kurs tələbəsi
   - BDU-da təhsil alıram, ixtisasım gömrük işinin təşkili olsa da, daim müasir nəsrdən nümunələr oxuyuram. Etiraf edək ki, çağdaş nəsrimiz dünya nəsrindən geri qalır. Amma nəsrimizdə inkişaf yavaş-yavaş hiss olunmaqdadır. Ancaq gənc yazarların kitabları bizim kimi qeyri-ixtisas sahiblərinə gəlib çatmır. Gənc nasirləri ancaq İnternet saytlarından izləmək mümkündür. Kitab şəklindəsə gənc nasirlərlə az-az tanış ola bilirəm. Oxuduğum nasirlərsə Həmid Herisçi, Kamal Abdulla, Elçin Hüseynbəyli, Rafiq Tağı, Elçin və Mirmehdi Ağaoğludur.
  
   Fərhad Mete,
   Bakı Slavyan Universitetinin ədəbi yaradıcılıq fakültəsinin II kurs tələbəsi
   Müasir Azərbaycan nəsrinin vəziyyəti ürəkaçan deyil. Son dövrlərdə nəsrdə ciddi bir əsərlə qarşılaşmamışam. Yazarların çoxu təqlidlə məşğuldur. Düzünü deyim ki, Azərbaycan nəsrindən daha heç kimi oxumuram. Çünki oxuduğum əsərlərin çoxu oxucu kimi mənim zövqümə uyğun deyil, belə olan halda da ovqatıma mənfi təsir edəcək əsərləri oxumuram.
  
   Fərid