2–4 dekabr tarixlərində Şuşa şəhərində 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı”nın bağlanış tədbirləri keçirilir.
Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun birgə təşkilatçılığı ilə reallaşan beynəlxalq proqramda İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın nümayəndəsi, habelə gənclər və könüllülər iştirak edirlər.
Bu çərçivədə Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yaradıcılıq marafonu” İslam ölkələrindən olan gənc istedadları bir araya gətirib. Layihə müxtəlif yaradıcı sahələrdə birgə əməkdaşlıq və innovativ məhsulların yaradılmasını təşviq edən platforma rolunu oynayır. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı rəhbər tutaraq təqdim olunan layihənin əsas məqsədi gənclərdə innovativ və yaradıcı yanaşma tərzini formalaşdırmaqdır.
Marafonun əsas istiqamətləri animasiya, dəb, film və dizayn olaraq müəyyən edilib. Marafonda təcrübəli mentorların rəhbərliyi ilə beynəlxalq və yerli iştirakçılardan ibarət komandalar 24 saat ərzində öz məhsullarını hazırlayıb dekabrın 3-də münsiflər heyəti qarşısında təqdim ediblər. Qalib komandalar təltif olunacaqlar.
“Şuşa yaradıcılıq emalatxanası” layihəsi çərçivəsində isə bəstəkar-pianoçu Pikə Axundova Azərbaycan musiqisi ilə bağlı təqdimat edib.
“Gənclər paytaxtı” proqramı çərçivəsində Şuşa şəhərində “İslam Ölkələrinin Gənc Alimlərinin Forumu” da keçirilib. Forumda çıxış edən AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev diqqətə çatdırıb ki, Azərbaycanın 51 universitetində 320 mindən çox tələbə təhsil alır.
Qeyd edək ki, 2023-cü il noyabrın 10-da Türkiyənin İstanbul şəhərində keçirilmiş İƏT Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə 2024-cü il üçün İƏT-in “Gənclər paytaxtı” seçilib.
Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Şuşada İƏT-in “Gənclər paytaxtı” proqramına dekabrın 4-də yekun vurulacaq.
Xatırladaq ki, Şuşa bu il eyni zamanda “İslam mədəniyyətinin paytaxtı” missiyasını da yerinə yetirir.