Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi» və «Fəxri Turizm İşçisi» döş nişanları təqdim edildi
   
   İyunun 14-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «Fəxri Mədəniyyət İşçisi» və «Fəxri Turizm İşçisi» döş nişanlarının təqdimetmə mərasimi keçirildi.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, fəxri döş nişanları Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazirliyin Əsasnaməsinə edilmiş dəyişikliyə uyğun olaraq təsis edilib: “Bu mükafatların təqdimetmə mərasiminin məhz bu gün, 15 İyun - Milli Qurtuluş Günü bayramı ərəfəsində keçirilməsi təsadüfi deyil. Azərbaycanın müasir tarixində müstəsna rol oynayan bu gün xalqımızın həyatında yeni bir başlanğıcdır. Məhz 15 iyundan başlayaraq Azərbaycan xalqı nikbinliyə, firavan gələcəyə qədəm qoydu. Bu günün səbəbkarı isə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. O tarixə nəzər saldıqda xalqımızın vaxtında necə bir uzaqgörən və düzgün qərar verdiyini görürük. Çünki Heydər Əliyev məhz xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıtdı, onun müdrikliyi sayəsində biz dövlət müstəqilliyimizi qoruya bildik. Heydər Əliyev Azərbaycanı düşdüyü çətin durumdan qurtarmaqla yanaşı, ölkəmizin uğurlarının təməlini qoydu. Onun apardığı uğurlu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İndi Azərbaycan dünya ölkələri arasında xüsusi çəkisi və müstəqil siyasəti olan bir ölkə kimi tanınır».
   Nazir ölkəmizin əldə etdiyi uğurlarda mədəniyyət və turizm sahəsində çalışan insanların da mühüm əməyi olduğunu vurğuladı: «Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlı tədbirlər keçirilir, tarixi irsimiz, ölkəmizin bugünkü inkişaf səviyyəsi, turizm imkanlarımız yüksək səviyyədə təbliğ olunur. Bütün bunlar Azərbaycanın tanıtımına xidmət edir».
   Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu sahədə çalışan insanların zəhmətini qiymətləndirmək üçün belə bir mükafat - fəxri döş nişanları təsis edilib: “İndiyə qədər mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində çoxlu sayda mükafatlar təsis edilib. Turizm sahəsində isə belə mükafat ilk dəfə verilir. Bu, mədəniyyət və turizm sahəsində çalışan insanların əməyinə dövlətin verdiyi qiymətdir”.
   Əbülfəs Qarayev ilk mükafatların nazirliyin, mədəniyyət mərkəzlərinin, kitabxanaların, muzeylərin, klubların, parkların, idarələrin əməkdaşlarına və turizm sahəsində yüksək xidmətləri olan insanlara təqdim ediləcəyini bildirdi: «Turizm və mədəniyyətimizin inkişafında yalnız yaradıcı insanlar deyil, bu işi təşkil edənlərin də fəaliyyəti mühüm rol oynayır”.
   Sonra mükafatlar sahiblərinə təqdim edildi. “Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilk olaraq mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə təqdim olundu. Nazirliyin Kadrlar şöbəsinin müdir müavini Yusif Səfərov, Hüquq sektorunun müdiri Namiq Qulamov, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov fəxri nişanla təltif olundular. “Fəxri Mədəniyyət İşçisi» həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Səbinə Məmmədova, Səbail Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərova, Lənkəran Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaçısı Siddiqə Rzayeva, Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri Zərəfşan Yasinova, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin bərpaçı rəssamı Bəstixanım Əliyeva, Nizami adına mədəniyyət və istirahət parkının direktoru Alfred Quliyev, Qusar Rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən «Şahnabat» xalq kollektivinin bədii rəhbəri Nuviddin Ciyərov, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru Validə İsgəndərova, Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin direktoru Sevda Məmmədova, Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti texniki nəzarət şöbəsinin böyük texniki nəzarət mühəndisi Seyran Əliyev, Dövlət Uşaq Filarmoniyasının sabiq direktoru, təqaüdçü Fərəh Şəkinskaya, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalova təqdim olundu.
   Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və «İmprotex Travel Tours Convetrences» turizm şirkətinin daxili turizm üzrə meneceri Oqtay Rzayev «Fəxri Turizm İşçisi» döş nişanları ilə təltif edildilər.
   İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ona göstərilən diqqətə görə ölkə başçısına, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür etdi və hər zaman Azərbaycan mədəniyyətinə töhfə verməyə hazır olduğunu bildirdi.
   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əvvəllər turizm sahəsində çalışdığını, bu sahənin geniş inkişaf imkanlarına malik olduğunu dedi. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda turizm sahəsi böyük nailiyyətlər əldə edib, ölkəmiz cazibədar bir turizm istiqamətinə çevrilib.
   “İmprotex Travel Tours Convetrences” turizm şirkətinin daxili turizm üzrə meneceri Oqtay Rzayev isə artıq neçə illərdir turizm sahəsində bələdçi işlədiyini, Azərbaycanın hər qarışına bələd olduğunu dedi. Təcrübəli bələdçi qəzetimizə açıqlamasında bu mükafatın onun üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayaraq Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini çatdırdı.
   
   Fəxriyyə Abdullayeva