“Turizm də iqlim dəyişikliyinin qurbanıdır”

 

Noyabrın 20-də COP29 çərçivəsində “Turizm Günü” keçirilib. Həmin gün “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” də gerçəkləşib. Qeyd edək ki, COP tarixində ilk dəfə turizmə belə xüsusi yer ayrılır.

Görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət təşkilatının qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də iştirakı üçün elan olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində tarixdə ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyində yer almasına diqqət çəkib: “Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidir. Bu, milli hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin transformativ dəyişikliyi təmin etmək üçün birlikdə işləməyə çağırışıdır. Azərbaycan COP29-un ev sahibi kimi bu mühüm dialoqa rəhbərlik etməkdən qürur duyur”.

DTA sədri turizm sektorunun iqlim dəyişikliyindəki rolunun vurğulandığı COP29-un növbəti COP tədbirləri üçün davamlı irs yaratmasına və bəyannaməyə tərəf çıxan ölkələrin sayının artacağına inamını ifadə edib.

BMT Turizmin (UN-Tourism, Dünya Turizm Təşkilatı 2024-cü ildən belə adlanır – red.) baş katibi Zurab Pololikaşvili çıxışında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə səylərin vacibliyini, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”nin sektor üçün dönüş nöqtəsi kimi bundan öncə qəbul edilən Qlazqo Bəyannaməsinə dəstək olduğunu qeyd edib: “Birlikdə turizmin təkcə iqtisadi artım üçün deyil, həm də ətraf mühitin qorunması və qlobal həmrəylik üçün qüvvə olmasını təmin etməliyik”.

“Bugünkü turizm nazirləri tədbiri turizm sektorunda əməkdaşlıq və fəaliyyət istiqamətində zəmin yaratmaq üçün bir fürsətdir. Turizm də iqlim dəyişikliyinin qurbanıdır. COP29 Sədrliyi ilk dəfə turizm məsələsini iqlim dəyişikliyi kontekstində qəti şəkildə gündəmə gətirib. Bu, çox vacibdir” – bunu isə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen deyib.

UNEP-in icraçı direktoru diqqətə çatdırıb ki, qlobal emissiyaların 8,8 faizi turizm sektorunun payına düşür və turizm sektorunun yaratdığı emissiyaların 70 faizi nəqliyyat vasitələri tərəfindən meydana gəlir. Bütün bu məqamlar turizm sektoruna yeni baxışları labüd edir, emissiyaların azaldılması imkanlarını nəzərdən keçirməyi tələb edir. Turizm sektorunun iqlim dəyişikliyi kontekstində dayanıqlığı təmin etmək üçün böyük potensialı var.

Qeyd edək ki, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir. Bəyannamə turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin təxirəsalınmaz zəruriliyini vurğulayaraq, tərəfləri emissiyaları azaltmağa və dayanıqlı turizm təcrübələrini tətbiq etməyə təşviq edir.

DTA və BMT Turizmin birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə keçirilən tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

“Turizm Günü” çərçivəsində “Turizm sektorunun iqlim ambisiyasının artırılması – öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm sektorunun iqlim ambisiyasının artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə təkmilləşdirilmiş iqlim fəaliyyəti: innovativ həllər və irəliyə doğru” mövzularında dəyirmi masalar və tematik təqdimatlar da keçirilib.

***

Noyabrın 20-də COP29-da keçirilən “Turizm Günü” çərçivəsində Dövlət Turizm Agentliyi (DTA) ilə BMT Turizm arasında niyyət sazişi imzalanıb. Niyyət sazişi əlaqələndirmə və tərəfdaşlıq platformasının yaradılması üçün əlverişli zəmin formalaşdırmağı, həmçinin qeyd olunan təşəbbüslə başlayan prosesin növbəti dövrdə də davam etdirilməsini təmin etməyi və turizm sektorunun azkarbonlu və dayanıqlı gələcəyə töhfə verən sahəyə çevrilməsini dəstəkləməyi hədəfləyir.