“Nəsimi” operası yaşayacaq, hələ uzun illər Azərbaycan səhnəsində olacaq. Çünki musiqisinin gözəlliyi və onun içərisində Nəsimi ruhunun bütün parlaqlığı ilə görünməsi Azərbaycan xalqını cəzb edəcək və çox-çox illər boyu cazibəsində saxlayacaq.

Bu fikirləri Heydər Əliyev Sarayında operasının premyerası zamanı jurnalistlərə müsahibə verən yeni səhnə əsərinin libretto müəllifi, akademik Rafael Hüseynov deyib.

Bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin doğulduğu və qətlə yetirildiyi ildən çox zaman keçib: “Ancaq bu cür şəxsiyyətlər gəlirlər və əbədi qalırlar. Onları nə tarixdən silmək olur, nə də mənsub olduqları millətin yaddaşından. Zaman keçdikcə belə şəxsiyyətlər rəssamların, rejissorların, bəstəkarların yanaşmasında yenidən doğularaq yaddaşlara hopurlar. Görkəmli yazıçımız İsa Hüseynov İmadəddin Nəsimi haqqında gözəl bir əsər yazdı və bizim unudulmaz rejissorumuz Həsən Seyidbəyli misilsiz bir film çəkdi və bununla Nəsimi sanki Azərbaycan insanı üçün təzədən doğuldu, təzədən qayıtdı doğma vətənə. Amma aradan böyük zaman keçir, yeni nəsillər gəlir və Nəsiminin bu xalqa daha da yaxınlaşmasına ehtiyac var. Elə bu məqsədlə də Nəsimiyə olan sevgimizi bu opera vasitəsilə yenidən insanlara çatdırmağa qərar verdik. Böyük şövqlə çalışdıq ki, daha gözəl bir əsər ortaya çıxaraq və Azərbaycan opera səhnəsini bəzəyək. Operada Nəsiminin şəxsiyyətini, yaradıcılığının dühasını tamaşaçıya çatdırmağa çalışmışıq”.

Operanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi deyib: “Bu gün “Nəsimi” operasının premyerasıdır, çox həyəcanlıyam. Böyük əzmlə çalışmışıq ki, opera tamaşaçıların xoşuna gəlsin. Operada böyük mütəfəkkir Nəsimi, onun həyatında baş verən hadisələr əksini tapıb. Əlbəttə ki, bənzərsiz söz xiridarının bütün həyatını bu əsərdə əhatə etmək qeyri-mümkün idi. Amma tamaşaçı üçün maraqlı ola biləcək bir əsər hazırlamağa çalışdıq. Operada çox istedadlı ifaçılar yer alıb. İnanıram ki, tamaşaçıların xoşuna gələcək və operanın ömrü uzun olacaq”.