“Fairmont Baku” hotelində Azərbaycanın, eyni zamanda, dünyanın ən qədim şəhərlərindən olan Gəncənin 4000 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə UNESCO-nun sabiq baş direktoru, Madrid Klubunun Sülh, Mədəniyyət Fondunun sədri Federiko Mayor Zaragoza, digər qonaqlar, tarixçi alimlər, ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin inkişafı ilə yanaşı, qədim yaşayış məskənlərimizin tarixinin öyrənilməsinə də başlanılıb. Müstəqilliyimizə görə borclu olduğumuz ulu öndər Heydər Əliyev həmişə tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz işlər görüb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin bu sahəyə diqqət və qayğısı nəticəsində Azərbaycanın qədim şəhərlərinin tarixini öyrənmək üçün geniş tədqiqat işləri aparılır, arxeoloji ekspedisiyalar təşkil olunur.
Tədbirdə bütün bu faktları diqqətə çatdıran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə şəhərinin tarixindən danışıb. Bildirib ki, Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi, mənəvi sərvətlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib. Fondun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülüb. Buna misal kimi VII-VIII əsrlərə aid Comərd Qəssab türbəsi və xalqımızın canlı qəhrəmanlıq salnaməsini yaratmış Cavad xanın abidəsinin, qədim Gəncə qapılarının Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasını göstərmək olar. Bu gün Gəncənin tarixinin daha dəqiq araşdırılması üçün xarici mütəxəssislərin iştirakı ilə arxeoloji qazıntılar davam etdirilir.
Elmar Vəliyev qeyd edib ki, ən qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan Gəncə şairlərin, filosofların, alimlərin məkanı olub. Bu qədim diyar dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dahilər bəxş edib. Gəncədə Nizami Gəncəvinin 870 illiyi, UNESCO-da Məhsəti Gəncəvinin 900 illik yubileyləri qeyd edilib. Bu, Gəncənin qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, bəşər tarixində xüsusi rola malik şəhər olduğunu da bir daha təsdiqləyir.
UNESCO-nun sabiq baş direktoru Federiko Mayor Zaragoza bildirib ki, dünyada 4000 illik tarixi olan və tarixi köklərini təbliğ edən çox az sayda şəhər var. “Biz keçmişimizi gənclər üçün tədqiq etməliyik”, - deyən qonaq Gəncənin Nizami, Məhsəti kimi dünya miqyaslı şəxslərin vətəni olduğunu söyləyib. Qeyd edib ki, şəhərin tarixində belə şəxsiyyətlərin olması mühüm amildir.
Tədbirdə Gəncənin 4000 illik yubileyi münasibətilə UNESCO-nun baş direktoru İrina Bokovanın və İordaniya Kraliçası Nur əl Hüseyninin təbrik məktubları oxunub.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova Gəncədə aparılan arxeoloji tədqiqatlar barədə danışıb. Digər çıxış edənlər də vurğulayıblar ki, zəngin keçmişi olan ölkənin zəngin gələcəyi də olur. Gəncənin tədqiqi Azərbaycanın qədim dövrünün araşdırılması işinə də dəyərli töhfələr verəcək. Gəncənin 4000 illik tarixi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər ölkələrin arxeoloqları tərəfindən aparılan araşdırmalar nəticəsində də təsdiq olunub. Gəncə haqqında hesabatın UNESCO tərəfindən təqdim olunması isə bu qədim şəhərin tarixinin bəşəriyyət üçün əhəmiyyətini təsdiq edən bir hadisədir.