İyulun 22-də “Min bir gecə” istirahət mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov mərasimdə çıxış edərək media nümayəndələrini təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
   
   Şöbə müdiri bildirib ki, bu gün artıq dünyanın müxtəlif ölkələrinin mediası ilə rəqabət aparmaq qabiliyyətinə malik olan Azərbaycanın güclü mətbuatı formalaşıb. Ölkəmizdə çağdaş jurnalistikanın bütün janrları dövrün tələbinə uyğun surətdə inkişaf edərək dünya mediasında özünün layiqli yerini tutmaqdadır. Bu gün Azərbaycan dövləti özünün media siyasətini və müxtəlif mətbuat orqanlarına münasibətini heç bir fərq qoymadan davam etdirir, bütün media qurumlarına eyni münasibət sərgiləyir: “Milli mətbuatımızın bayramı günündə Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlər üçün inşa edilmiş yeni binanın açılış mərasimində mətbuatımızın bu günü və sabahı ilə bağlı söylədiyi fikirlər bu reallığı bir daha ortaya qoydu. Dövlətimizin başçısının dərin məzmunlu nitqi, dəyərli tövsiyələri 138 illiyini qeyd edən Azərbaycan mətbuatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi”. Şöbə müdirinin sözlərinə görə, iyulun 22-də Azərbaycan jurnalistikasının 155 nümayəndəsinin Prezidentin müvafiq sərəncamı ilə tikilmiş binadan mənzil alması faktı ölkəmizdə mətbuata dövlət qayğısının ən bariz nümunəsindən biri kimi tarixə düşəcək.
   Ulu öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinə diqqət və qayğısının, mediaya dəstək siyasətinin bu gün uğurla davam etdirildiyini deyən Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinə başçılıq etdiyi son 10 ildə mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Prezidentin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2008-ci ildə mətbuata Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və bu mühüm sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bunun bariz nümunəsidir.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, Həsən bəy Zərdabinin 1875-ci ildə təməlini qoyduğu “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu qeyd edib.
   Sonra Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı” sahiblərinə təqdim olunub.
   Mərasimdə çıxış edən Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini Mehmet Ali Dim qardaş ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
   “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib, qurumun mükafatları media nümayəndələrinə təqdim olunub.
   Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında son illər ölkəmizdə medianın inkişafı istiqamətində görülmüş işlərdən söz açıb. Milli mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə 92 jurnalistin yazısı təqdim olunub və ekspertlər tərəfindən qiymətləndirilib. Fondun Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 jurnalistin müsabiqənin qalibi, 15-nin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul ediblər.
   Sonra müsabiqə qaliblərinə Fondun mükafatları təqdim edilib. Mükafatlara layiq görülənlər arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Fəxriyyə Abdullayeva da var.
   Tədbir konsert proqramı ilə başa çatıb.