Xəbər verdiyimiz kimi, Xalq yazıçısı, ədəbiyyatşünas, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev) iyulun 8-də ömrünün 90-cı ilində vəfat edib.
   İyulun 10-da mərhumla vida mərasimi keçirildi. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən mərasimdə dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edirdilər.
   Vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev mərhum yazıçının Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, insani keyfiyyətlərindən söz açdı: “Gülhüseyn Hüseynoğlu sözün həqiqi mənasında gözəl insan, dəyişməz mövqeyə malik vətəndaş, ustad yazıçı, zəhmətkeş alim olmuşdur. Ötən əsrin 40-cı illərindən ilk hekayələrini çap etdirməklə ədəbi yaradıcılığa başlamış Gülhüseyn Hüseynoğlunun həyatının mənasını məğrurluq, təvazökarlıq, zəhmətkeşlik kəlmələri daha dolğun ifadə edir. Vaxtilə Azərbaycanın müstəqillik arzusunu dilinə gətirdiyinə görə sovet sistemi tərəfindən zindana atılan yazıçı ömrü boyu qürurundan enməmiş, təmənnasız, gözü-könlü tox yaşamışdır. Antisovet “İldırım” təşkilatını yaradan, məhkəmənin hökmü ilə 25 il azadlıqdan məhrum edilən yazıçı elmi fəaliyyətinin, demək olar ki, əsas hissəsini məhz sovet sisteminin qurbanı olmuş nakam şair Mikayıl Müşfiqin yaradıcılığına həsr etmişdir. O, bir müəllim kimi yeni nəslin ağıllı, vicdanlı və zəhmətsevər ruhda böyüməsi üçün böyük əmək sərf etmiş, təqribən 60 ilə yaxın müddətdə Bakı Dövlət Universitetində çalışmış, elmlər doktoru olmuşdur. Onun cəmiyyət tərəfindən sevilməsinin bəlkə də ən başlıca cəhətlərindən birincisi Vətənə, xalqa, dövlətə hədsiz bağlılığıdır. O, Müşfiqin, ədəbiyyatımızın vurğunu idi. Qədirbilən xalqımız və dövlətimiz hələ 50-ci illərdən başlayaraq imperiya tərəfindən cəzalanmış yazıçıya rəğbətini gizlətməmiş, onun ədəbi yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti daim qiymətləndirilmişdir. 90 il şərəfli ömür yaşayan Gülhüseyn Hüseynoğlu heç kəsə bənzəməyən bir yazıçı obrazı ilə oxucuların rəğbətini qazanmışdır. Onun ləyaqətli şəxsiyyəti və əsərləri daima xalqımızın yaddaşında yaşayacaqdır”.
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Gülhüseyn Hüseynoğlunun vəfatının yalnız ədəbiyyatımız deyil, mənəviyyatımız üçün də böyük itki olduğunu dedi: “Gülhüseyn müəllim çox istedadlı yazıçı olmaqla bərabər, nadir mənəviyyata malik bir insan olmuşdur. Müəllim adının təmizliyini, saflığını ömrü boyu saxlamışdır. Bir arzum var idi ki, Gülhüseyn Hüseynoğlu Sibirdə başına gələnləri qələmə alsın. O, bəzi fraqmentləri yazmışdı. Təəssüf ki, ömür vəfa etmədi”.
   AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor, millət vəkili Rafael Hüseynov ədibin yaradıcılığında xüsusi yer tutan mənsur şeirlərindən söz açdı: “Onun mənsur şeirləri içində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunmuş, haqqında film də çəkilmişdir. Gülhüseyn Hüseynoğlunun mücrüsü də hər zaman açılacaq və insanlar ona baxanda istiqlalımız, müstəqilliyimiz, bu yolda həyatını fəda etmiş insan, onun əsərləri və pak varlığı haqqında düşünəcəklər”.
   AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov, Xalq şairi Nəriman Həsənzadə çıxışlarında qeyd etdilər ki, Gülhüseyn Hüseynoğlu Azərbaycan elmi-ədəbi fikri, ziyalılığı tarixində çox uzun illər yaşayacaq. BDU-nun tarixində onun adı qızıl hərflərlə yazılmışdır. Onun haqqında kitablar yazılacaq, adına təqaüd təsis ediləcək. Bildirildi ki, həmişə qəlbində yanan milli təəssübkeşlik işığını insanlara paylamağa çalışan ədib millət yolunda əzab-əziyyət çəkmiş, gözəl insan, vətəndaş ömrü yaşamışdır.
   Yazıçının oğlu Toğrul Abdullayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ailələri adından dərin minnətdarlığını ifadə etdi. Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.
   
   Lalə Azəri