Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
Mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasiminə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, bunun İslam dininə və milli-mənəvi dəyərlərimizə yüksək ehtiramın əlaməti olduğunu söyləyib. Qeyd olunub ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlıq mühitinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu mükəmməl siyasət nəticəsində mümkün olduğunu və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. Şeyxülislam respublikamızdakı nümunəvi tolerantlığın dünya birliyi tərəfindən də etiraf edildiyini bildirib.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirib və xalqımıza ən xoş arzularını çatdırıb.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycandakı Katolik kilsəsinin baş keşişi Vladimir Fekete ölkəmizdə dövlət ilə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək təbriklərini çatdırıb.
Dövlətimizin başçısı mərasimdə çıxış edib. Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar mərasimini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Azərbaycan Prezidenti ölkəmizdə dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadıqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycan İslam həmrəyliyinə də töhfəsini verir.
Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa töhfələrini əsirgəmədiyini deyən dövlətimizin başçısı dini ocaqların yenidən qurulmasının da daim dövlətin diqqət mərkəzində olduğunu bildirib.
Prezident İlham Əliyev bir sıra ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqa xələl gətirən bəzi hallara qarşı beynəlxalq səviyyədə qəti mövqe göstərməyin zəruriliyini vurğulayıb. Dövlət başçısı şeyxülislam Allahşükür Paşazadənin Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını bildirib, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırıb. Sonra iftar süfrəsi açılıb.