Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın festivallar şəhərində ölkəmizin mədəni irsi geniş şəkildə təqdim olunur
   
   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Qafqazın mirvarisi - Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin zəngin sənət irsinin Fransanın regionlarında təqdimatı davam edir. Layihə üzrə növbəti tədbirlərə Kann şəhərində start verilib.
   
   İyulun 4-də burada Azərbaycan mədəniyyəti günləri açılıb. Təkcə Fransanın deyil, dünyanın festivallar şəhəri kimi tanınan Kannda ölkəmizin mədəni irsi, incəsənəti geniş şəkildə təqdim edilir.
   Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu layihə çərçivəsində Azərbaycan mədəniyyətinin fərqli tərəfləri - tarixi və müasir zənginlikləri nümayiş olunur. Artıq bu günlər Kann və ətraf şəhərlər Azərbaycanın təqdimat banner və lövhələri ilə bəzədilib.
   İyulun 7-dək davam edəcək mədəniyyət günləri çərçivəsində müxtəlif layihələrin təqdimatı nəzərdə tutulur. Azərbaycan “Pirotexnika sənəti” Kann festivalında ilk dəfə təmsil olunur. 1967-ci ildən keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin vəhdətində təqdim edilir. İyulun 4-də Azərbaycandan olan atəşfəşanlıq qrupu “Azərbaycan musiqi və rənglərdə” şousunu Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Niyazinin “Rast”, Fikrət Əmirovun “Şur” simfonik muğamları, Müslüm Maqomayevin “Azərbaycan” mahnısı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim edib. Festival zamanı bu şou üçün yazılmış xüsusi partitura da ifa olunub.
   İyulun 5-də isə Kannda Azərbaycan caz musiqisi tarixi və müasir çalarlarda səslənəcək. Şahin Növrəsli, İsfar Sarabski və Səbinə Babayevanın ifasında Azərbaycanın məşhur caz kompozisiyaları təqdim olunacaq.
   İyulun 6-da Heydər Əliyev Fondunun mədəniyyətimizi yaşatmaq və dünyada təbliğ etmək layihəsi çərçivəsində Fransada klassik musiqi gecəsi təşkil olunacaq. Həmin gün Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, xalq və bəstəkar mahnıları ifa ediləcək.
   Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunan hər bir layihə ölkəmizin qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə yaxından tanışlığa geniş imkan yaradacaq. Mədəniyyət günlərində yerli sakinlər və turistlərin Azərbaycanı müxtəlif sərgilər vasitəsilə də tanımaq imkanı olacaq. Bu sərgilər sırasında “Qız qalası” və “Ceyranlar” sərgisi xüsusi maraq doğurur. Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliği məqsədini daşıyan sərgidə müxtəlif ölkələrin rəssamları tərəfindən milli üslublarda naxışlarla bəzədilən kiçik maketlər fərqli mədəniyyət və adət-ənənələrin sintezində təqdim ediləcək.
   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji layihə çərçivəsində “Ceyranlar” sərgisi isə öz orijinallığı və tərənnüm etdiyi ideya baxımından diqqət çəkir. İyirmi gün ərzində keçiriləcək sərgidə nəsli kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri hazırlanıb və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən bəzədilib. Bu işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın da əsərləri yer alıb.
   Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Qafqazın mirvarisi - Azərbaycanın mədəni dəyərləri” və Azərbaycanın müasir incəsənət nümunələrindən ibarət “Emosiyalar sərgisi” isə Azərbaycan və onun mədəni sərvətlərinin, müasir incəsənətinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgi şəhərin məşhur Festivallar Sarayında açılacaq.
   Xüsusi şounun müşayiəti ilə təqdim olunan “Milli mətbəx günü” Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi, ənənələri barədə dərin təəssüratlarla yadda qalacaq. Bu layihə Azərbaycanın milli mətbəx nümunələrinin hər birinin tarixi, fəlsəfəsi barədə geniş məlumat əldə etmək imkanı yaradacaq.
   İyulun 7-də təşkil olunan proqram isə Azərbaycanın milli kino tarixi ilə tanışlıq xarakteri daşıyır. Həmin gün Fransada milli kinomuzun incilərindən olan “Arşın mal alan” filmi təqdim ediləcək.
   Mədəniyyət günləri iyulun 7-də açıq havada təşkil olunacaq konsert proqramı ilə başa çatacaq. “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı Odlar Yurdunun ritmlərini, qədim balaban və tar isə muğam sənətini tamaşaçılara çatdıracaq.
   Mədəniyyət günləri ilə bağlı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, ingilis, fransız dillərində xüsusi nəşrlər də hazırlanıb. Nəşrlərdə Azərbaycanın zəngin qədim və müasir mədəni irsi barədə geniş məlumatlar əksini tapıb.