Proqramın iştirakçısı olan ölkələrin mədəniyyət nazirlərinin ilk toplantısı Tbilisidə gerçəkləşib
İyunun 27-28-də Tbilisidə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin mədəniyyət nazirlərinin birinci konfransı keçirilib.
Toplantıya proqramın iştirakçısı olan ölkələrin (Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova, Ermənistan), Avropa İttifaqından Polşa və Litvanın nazirləri, Avropa Komissiyasının təhsil, mədəniyyət, gənclər və idman məsələləri üzrə komissarı Andrulla Vasiliu, UNESCO və Avropa Şurasının təmsilçiləri qatılıb. Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria Baş nazir Bidzina İvanişvilinin konfrans iştirakçılarına müraciətinin mətnini oxuyub.
İştirakçılar “Şərq Tərəfdaşlığı” mədəni proqramının gerçəkləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr, region ölkələri üçün mədəni proqramın perspektivləri, islahatlar və başqa məsələlər barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib ki, konfransda mədəni əlaqələr sahəsində görüləcək işlər nəzərdən keçirilib. Eyni zamanda, “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin mədəniyyət nazirləri dövlət səviyyəsində mədəniyyətlərin inteqrasiyası sahəsində qazanılmış təcrübə barədə məlumat verib, müəyyən istiqamətverici kurs, konkret layihələr müəyyənləşdirilib.
Nazir konfransda dövlət strukturlarında təmsil olunan nümayəndələrlə yanaşı, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakını da təqdirəlayiq sayıb. Bildirib ki, bu, mədəniyyətin inkişafına geniş kütlənin cəlb olunması baxımından, həm də mübadilə-inteqrasiya proseslərinin dövlət siyasəti səviyyəsində həlli ilə yanaşı, geniş ictimaiyyətin iştirakına imkan yaratması baxımından əhəmiyyətlidir.
Toplantıda proqramların, layihələrin büdcəsi, maliyyə məsələləri, onların qanunvericilik bazalarının təkmilləşdirilməsi ətrafında da müzakirələr aparılıb. Nazir Əbülfəs Qarayev diqqəti bu sahədə Azərbaycan və Avropa İttifaqı arasında geniş əməkdaşlığa cəlb edib. Bildirib ki, ölkəmizdə turizm idarəetmə strukturunun təkmilləşdirilməsinə dair ikiillik proqramın həyata keçirilməsinə Avropa İttifaqı vəsait ayırıb. Bu, Azərbaycanda turizm sənayesinin idarə olunmasının beynəlxalq səviyyədə qurulmasına imkan verəcək: “Konfrans bizim üçün bir də ona görə əhəmiyyətlidir ki, burada turizm və mədəniyyətin vəhdəti, mədəni mübadilələr məsələsi geniş müzakirə mövzusuna çevrilib”.
Nazirin sözlərinə görə, bu sahədə Azərbaycanın mütərəqqi təcrübəsi iştirakçıların böyük marağına səbəb olub: “Bizdə olan məlumata görə, artıq bir sıra ölkələrdə mədəniyyət və turizm idarəçiliyinin birləşdirilməsi prosesləri başlanıb. Bizim təcrübəmiz onlar üçün çox qiymətlidir. Azərbaycanda isə bu təcrübə 7 ildir ki, mövcuddur və onun səmərəsi göz önündədir”.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria belə bir mötəbər tədbirin Tbilisidə keçirilməsinə dair qərarı dəstəkləyənlərə ölkə rəhbərliyi adından təşəkkür edib. Bir neçə gün əvvəl Bakıya səfərindən məmnunluqla danışan Q.Odişaria bildirib ki, Bakıda yüksək səviyyədə nazirlərin görüşünün bir növ davamı kimi azərbaycanlı dostlarımızla, başqa ölkələrdən gəlmiş qonaqlarla belə bir konfransı təşkil edə bildik: “Konfrans aktual məsələyə - mədəniyyətlərarası dialoq, onun inkişafı kimi mühüm məsələyə həsr olunmuşdur. Burada çox səmərəli fikir mübadiləsi aparılmışdır və təcrübə göstərir ki, mədəniyyətin, təhsilin inkişafına dövlət tərəfindən lazımi dəstək verildikdə mənəvi, iqtisadi və başqa sahələrdə problemlərin həlli asanlaşır”.
Q.Odişaria deyib ki, belə tədbirlər gələcək fəaliyyət planlarının daha səmərəli tərtib olunmasında da xüsusi əhəmiyyət daşıyır.
Konfrans iştirakçıları yekunda mədəniyyət sahəsində əməkdaşlığa dair “Tbilisi Bəyannaməsi”ni imzalayıblar.