Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin hesabat iclası
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2013-cü ilin birinci yarısının yekunlarına dair hesabat iclası keçirilib.
İdarədən bildiriblər ki, struktura daxil olan bütün mədəniyyət müəssisələri rəhbərlərinin iştirak etdikləri iclasda çıxış edənlər hesabat dövrü ərzində əldə olunan nəticələr, çatışmazlıq və problemlər haqqında məlumat veriblər.
2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə əlaqədar idarənin strukturuna daxil olan uşaq musiqi və incəsənət məktəbləri və mədəniyyət mərkəzlərinin istifadəyə verilmiş 18 yeni internet saytının təqdimatı olub. Vurğulanıb ki, ümumilikdə, idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin internet saytlarının sayı son üç ildə 39-a çatdırılıb.
İclasda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin idarə və onun tabeliyində olan müəssisələr tərəfindən yüksək səviyyədə qeyd edildiyini söyləyib. O, birinci yarımildə əldə olunan nailiyyətləri diqqətə çatdıraraq, tədbirlər planına uyğun olaraq növbəti 6 ayda görüləcək işlər və həyata keçiriləcək layihələr haqqında danışıb.
İclasda cari məsələlər müzakirə olunub, görüləcək işlər və qarşıya qoyulan öhdəliklər barədə ətraflı məlumat verilib.