Mədəniyyət və turizm naziri Gəncədə vətəndaşları qəbul etdi
İyunun 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetinin binasında Gəncə, Yevlax şəhərlərindən və Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Ucar, Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul etdi.
50-dən çox şəxs əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon-şəhər mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müraciətlərinə baxıldı, səslənən fikir və təkliflər dinlənildi.
* * *
Müraciətlər əsas etibarilə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə tarix-mədəniyyət abidələrinin bərpasına köməklik göstərilməsi, turizm obyektlərinin inşasına, yeni turizm marşrutlarının açılmasına dəstək verilməsi, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma, sosial problemlərin həlli və digər məsələlərlə bağlı idi. Bəzi müraciətlərdə konkret təklif və təşəbbüslər irəli sürüldü.
Qəbula gələn vətəndaşlarla biz də həmsöhbət olduq. Gəncə şəhərinin baş rəssamı Şərif Şərifov iki məsələ ilə bağlı nazirə müraciət edəcəyini bildirdi: “Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində, dövlətçilik salnaməmizdə misilsiz xidmətləri var. Gəncə şəhərində onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir layihə hazırlamışam. İkinci layihəm Xocalı soyqırımı ilə bağlıdır. Bu faciənin gənc nəslə çatdırılması üçün eskizlər hazırlamışam, onları da cənab nazirə təqdim edəcəyəm. Ümidvaram ki, bu layihələrin həyata keçirilməsinə köməklik göstəriləcək”.
Gədəbəy rayonu Slavyanka kənd kitabxanasının işçisi Pənah Zeynalovun xahişi rayon ərazisindəki abidələrin bərpası ilə bağlı idi: “Gədəbəy tarixi abidələrlə zəngindir. Bu abidələrin böyük bir qismi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bərpa olunub. Bəzi abidələrin isə bərpaya ehtiyacı var. İkinci xahişim isə rayonun iqlim şəraitinə uyğun yay-qış turizm mərkəzlərinin açılması ilə bağlıdır”.
Qazax şəhər 2 saylı musiqi məktəbinin tar müəllimi təhsil ocağında nağara şöbəsinin açılması ilə bağlı müraciət edəcəyini dedi: “Məktəbimiz rayon və ölkə səviyyəsində keçirilən tədbirlərdə daim fəal iştirak edir. Bir neçə ixtisas üzrə tədris həyata keçiririk. Nağara sinfinin açılması ilə bağlı da bizə müraciətlər olur. Bununla bağlı köməklik göstərilməsini xahiş edəcəyəm”.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun fond müdiri Xəyalə Rzayeva qoruq üçün ofis binasının tikilməsi ilə bağlı nazirə müraciət edəcəyini bildirdi. Ucar uşaq incəsənət məktəbinin direktor əvəzi Xəqani Yusupov isə təhsil ocağında məskunlaşmış 16 məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı köməklik göstərilməsini istəyir.
Digər müraciətlər Samux rayonunda tarix-diyarşünaslıq muzeyinin, Göygöl rayonunda rəsm qalereyasının açılması və turizm-informasiya mərkəzinin yaradılması, Gədəbəy rayonunda tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi, Qazax teatrında səs və işıq sistemlərinin yenidən qurulması, Şəmkir rayonunda turizm kollecinin açılması, Gəncə şəhərindəki Məhsəti qəsəbəsində kitabxana və mədəniyyət evinin yaradılması, Kəlbəcər rayon muzeyinin yeni bina ilə təmin edilməsi, Ağstafa mədəniyyət evinin bazasında uşaq teatrının yaradılması, Daşkəsəndə abidələrin qeydiyyata alınması və s. məsələləri əhatə edirdi.
Bəzi müraciətlər isə fəxri adların verilməsi, fərdi yaşayış evinin tikintisi, işlə təminat kimi məsələlərlə bağlı idi.
* * *
Qəbuldan sonra jurnalistlərə müsahibə verən nazir bütün vətəndaşları diqqətlə dinlədiyini, səslənən müraciət və təkliflərin nəzərdən keçiriləcəyini bildirdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə olan problemlərin, əhalinin şikayət və təkliflərinin öyrənilməsi, onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Bəzi vətəndaşların sosial məsələlər, mənzil təminatına dair xahişləri ilə bağlı isə nazir bildirdi ki, bu müraciətlər müvafiq qurumlara təqdim ediləcək və diqqətdə saxlanılacaq.
Əbülfəs Qarayev bir sıra məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar verdiyini də diqqətə çatdırdı: “Görüşdə bir çox məsələlər qaldırıldı. Ancaq sevindirici haldır ki, vətəndaşlar daha çox ölkə əhəmiyyətli müraciət və təkliflərlə çıxış etdilər. Qoruqların sərhədlərinin müəyyənləşdirilməsi, mədəniyyət müəssisələri üçün əlavə torpaq sahələrinin ayrılması, musiqi məktəblərində yeni ixtisasların açılması ilə bağlı təkliflər səsləndirildi. Bu müraciət və təkliflər ölkəmizdə mədəniyyət və turizmin inkişafı üçün olduqca əhəmiyyətlidir. Əlbəttə, biz də öz növbəmizdə qaldırılan bütün bu məsələlərin müsbət həlli istiqamətində lazımi göstəriş və tövsiyələrimizi verəcəyik. Şəxsi xahiş və müraciətlər də diqqətdə saxlanılacaq. Yerli icra hakimiyyətlərinin, rayon rəhbərliyinin və nazirliyin dəstəyi ilə müəyyən köməkliklər göstəriləcək. O ki qaldı fəxri adların verilməsinə, bilirsiniz ki, Prezident İlham Əliyev mədəniyyət sahəsində çalışanların təltif olunması ilə bağlı mütəmadi olaraq sərəncamlar imzalayır, bu sahədə fəaliyyət göstərən fədakar insanların əməyi dövlətimiz tərəfindən qiymətləndirilir. Bir daha qeyd etmək istəyirəm ki, qəbula gəlmiş bütün vətəndaşların müraciətləri diqqətlə nəzərdən keçiriləcək, dəyərləndiriləcək və onların həlli istiqamətində müəyyən işlər görüləcək”.
Sadiq Musa