İyunun 19-da Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın alman dilində nəşr olunmuş hekayələr kitabının təqdimatı olub. Kitab Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə “Renate Rollfinke” nəşriyyatında çapdan çıxıb.
   
   Səfir Qalib İsrafilov kitabda görkəmli yazıçının ən populyar hekayələrinin toplandığını bildirib, bu əsərlərdə real həyat cizgilərinin diqqəti cəlb etdiyini vurğulayıb. Səfir layihənin reallaşmasında tərcüməçi Liliane Qrimmin və əslən bakılı olan Renate Rollfinkenin rəhbərlik etdiyi nəşriyyatın səylərini yüksək qiymətləndirib.
   Xalq yazıçısı Anar təkcə Avropanın deyil, eyni zamanda, dünya mədəniyyətinin mərkəzlərindən biri sayılan Vyanada kitabının təqdimatının keçirilməsindən məmnunluğunu ifadə edib. Qeyd edək ki, bu, müəllifin alman dilli məkanda sayca dördüncü, Avstriyada isə işıq üzü görən ilk kitabıdır.
   Azərbaycanın dostu, respublikamızla sıx əlaqələrə malik olan Liliane Qrimm görkəmli yazıçının hekayələrini böyük həvəslə tərcümə etdiyini vurğulayıb, gələcəkdə də Azərbaycan ədəbiyyatı nümunələrinin alman dilinə çevrilməsi işini davam etdirəcəyini bildirib. “Renate Rollfinke” nəşriyyatı adından çıxış edən Ştefan Rollfinke azərbaycanlı tərəfdaşlarla birgə layihələr həyata keçirməyə hazır olduqlarını deyib.
   Sonda müəllif kitabını imzalayaraq oxuculara təqdim edib. Kitabda yazıçının “Mən, sən, o və telefon”, “O gecənin səhəri”, “Gürcü familiyası”, “Yaxşı padşahın nağılı” və s. əsərləri toplanıb.