Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Ombudsmanların XI Beynəlxalq konfransında çıxış edib
   
   İyunun 18-20-də Bakıda Ombudsmanların XI Beynəlxalq konfransı keçirilib. 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar tarix və BMT-nin Dünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə keçirilən tədbir “Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının təbliğində və müdafiəsində rolu” mövzusuna həsr olunub.
   
   UNESCO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 10-dan artıq ölkəsindən ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak ediblər. Konfransda həmçinin 18 may-18 iyun tarixlərində respublikamızda keçirilən ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulub.
   Konfransın açılışında çıxış edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova indiyədək ombudsmanların Bakıda təşkil olunmuş 10 beynəlxalq konfransında 40-dan çox ölkənin təmsil olunduğunu deyib. Tədbirdə ayrı-ayrı sessiyalar çərçivəsində çıxış və məruzələr dinlənilib.
   İyunun 19-da, konfransın ikinci günündə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Mədəni hüquqlar insan hüquqlarının tərkib hissəsi kimi” mövzusunda çıxış edib. Nazir diqqətə çatdırıb ki, müasir dövrdə davamlı inkişaf yeni informasiya-kommunikasiya texnologiyaları, internet məkanı ilə sıx bağlıdır. Texnologiyaların, internetin imkanlarından istifadə etməklə hər hansı mədəni prosesi əks etdirmək mümkündür: “Bir tərəfdən bu məkan açıqdır və oraya daxil olaraq mədəni prosesləri əks etdirmək olar. Lakin burada çox incə bir xətt var. Bu xətt başqalarının hüquqlarının tapdanmaması, onlara hörmətlə yanaşılmasının nəzərə alınmasıdır”.
   Qeyd olunub ki, bu gün insanların, xüsusilə gənclərin əksəri ən müxtəlif məlumatları, eləcə də mədəniyyətlə bağlı informasiyaları internet vasitəsilə alır, öz fikir və baxışlarını da bu şəbəkə ilə yayır. Lakin onların bu şəbəkə vasitəsilə prosesləri necə qavraması, bunun əks-sədasının necə olacağı və ona təsir göstərməyin mümkünlüyü böyük sual doğurur: “Söhbət ondan gedir ki, biz internetə, virtual məkana daxil olmaqla öz mədəniyyətimizi, insan hüquqlarımızı nə qədər müdafiə edə bilərik? Bu gün hər hansı bir qonşu dövlətin nümayəndəsi internet vasitəsilə istədiyini yaza, Azərbaycan mədəniyyətinə xələl gətirə bilər. Bunun cavab mexanizmi necə olmalıdır? Bunu cəmiyyət, yoxsa fərdlər etməlidir? Düşünürəm ki, bu gün bizim əsas düşündüklərimiz və aparılan işlərin istiqaməti bu məkanda yaşayan cəmiyyətin mədəni hüquqlarını necə müdafiə edə biləcəyimizə yönəlməlidir. Bu böyük sualdır. İnsan hüquqları, davamlı inkişaf haqqında danışarkən əvvəlcə yeni məkanda, virtual dünyada öz hüquqlarımızın qorunması haqqında düşünməliyik”.
   Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun “Davamlı inkişaf sahəsində strateji araşdırmaların əhəmiyyəti və rolu” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, davamlı inkişaf konsepsiyasının əsas ideyası sosial, iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə nəzərdən keçirilməsidir. Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür. Onlar yalnız tədqiqatla deyil, həmçinin təbliğat fəaliyyəti ilə də məşğuldur, dövlət və cəmiyyət arasında mühüm rol oynamaqdadır.
   Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxışında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət hüquqlarının rolu və əhəmiyyətindən bəhs edib. Bildirib ki, ölkəmizdə əqli mülkiyyətin təminatı sahəsində zəngin qanunvericilik bazası mövcuddur. Eyni zamanda, respublikamız müvafiq beynəlxalq konvensiyaların üzvüdür. Azərbaycanda ilk dəfə folklorun qorunması ilə bağlı qanun qəbul olunub. Əqli mülkiyyətin və əqli mülkiyyət hüquqlarının eyni məna daşıdığını deyən K.İmanov mədəni irsin siyasi baxımdan qorunmasının və təmin edilməsinin vacibliyini bildirib.
   Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Azərbaycanda insanların sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi sahəsində görülmüş işlərdən söz açıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Minilliyin inkişaf prinsipləri və gender bərabərliyi” mövzusunda məruzə edib. Moldova, Türkiyə, Rusiya və digər ölkələrin təmsilçiləri konfransın mövzusu ilə bağlı fikrilərini bölüşüb, öz ölkələrinin təcrübəsindən danışıblar.
   İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, beynəlxalq konfransların keçirilməsi təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın yeni formalarının işlənib hazırlanmasına şərait yaradır.