«Azər-İlmə»nin növbəti nəşrinin təqdimatı
   
   İyunun 19-da «Azər-İlmə» MMC növbəti nəşrinin təqdimatını keçirdi. Şirkətin binasında baş tutan tədbirdə milli xalçaçılıq sənətimizdə özünəməxsus yeri olan məşhur Təbriz xalçaları haqqında nəfis tərtibatlı kitab oxucuların ixtiyarına verildi.
   
   Tədbiri xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov açaraq xalçanın milli yaddaşımızda, həyatımızda, sənət irsimizdə yerindən danışdı: “Bizdə uşaq ayaq açıb yeriyəndə xalça üzərində ilk addımlarını atır, həyatını başa vurub bu dünyadan köçəndə də qəbir evinə xalçaya bükülərək aparılır. Heç bir xalqın xalça ilə bağlı bizim qədər zəngin mirası yoxdur».
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mərasimdə çıxış edərək bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalça sənətimiz bütün dünyada öz adı ilə tanınmağa başlayıb. Zəngin xalça sənətimizin dünyada təbliğ olunmasında, tanınmasında dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə qayğısı mühüm rol oynayır: “Azərbaycanda çox zəngin xalça kolleksiyası mövcuddur. Azərbaycan Avropada nadir ölkələrdən biridir ki, burada uzun müddətdir böyük Xalça Muzeyi fəaliyyət göstərir. 2010-cu ildən Azərbaycan xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb”. Qeyd edildi ki, ölkə rəhbərliyinin bu sənətin inkişafına diqqəti və qayğısı, UNESCO-nun dəstəyi sayəsində xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin möhtəşəm yeni binası inşa edilib. Bu ilin sonunadək istifadəyə veriləcək muzeydə zəngin xalça sənətimiz geniş çeşiddə ziyarətçilərə təqdim olunacaq”.
   Nazir müavini xalça sənətinin tanıdılması və yaşadılmasında «Azər-İlmə» kollektivinin fəaliyyətini yüksək qiymətləndirdi: «Bütövlükdə son iki yüz il ərzində görülməyən işləri - Azərbaycan xalçalarının sistemləşdirilməsi, onların doğru-düzgün qruplara və yarımqruplara bölünməsi, xalçanın işlənmə metodologiyasının göstərilməsi, Azərbaycan xalçasının mənbəşünaslığının göstərilməsi və s. istiqamətlərdə Vidadi Muradovun rəhbərliyi ilə bu kollektiv böyük iş görüb, bir-birindən nəfis kitablar ərsəyə gətirib. Bu kitablar özlüyündə bir nağıl təsiri bağışlayır. Azərbaycan xalçasının tanıdılması istiqamətində «Azər-İlmə» böyük bir elmi-tədqiqat institutunun görə biləcəyi işlərdən də çox iş görür. Burada uşaqlar xalçaçılıq sənətinin sirlərini öyrənirlər, ölkəyə gələn qonaqlar Azərbaycan xalçasının qədim, gözəl və müasir növləri ilə tanış olurlar. Ən vacibi isə odur ki, bu gün dünyanın bütün muzeylərində Şirvan, İrəvan, Təbriz və s. adlar altında deyil, başqa dövlətlərin və başqa millətlərin adı altında qriflənmiş xalçalarımıza sahib çıxmaq üçün çox böyük bir işə imza atılıb. Buna görə «Azər-İlmə»nin rəhbərliyinə təşəkkürümü bildirir, bu kollektivi, bütövlükdə xalça sənəti ilə məşğul olan böyük bir ordunu təbrik edirəm. Mən Azərbaycanın xarici ölkələrdə olan səfirliklərinə ölkəmizin mədəniyyətinin təbliğində belə dəyərli nəşrlərdən yararlanmağı tövsiyə edirəm. Çünki onilliklər, yüzilliklər keçsə də, gələcək nəsillər bu kitablara istinad nöqtəsi kimi baxacaqlar».
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov xalça sənəti ilə bağlı fikirlərini bildirdi: “Xalça sənəti rəssamlığın nailiyyətidir. Dünyada ən dəyərli rəsm əsərləri naməlum rəssamlar tərəfindən çəkilib. Xalça da naməlum rəssamların dahi əsərləridir. Mən Vidadi müəllimə və «Azər-İlmə»nin kollektivinə belə bir dəyərli kitab nəşr etdiklərinə görə təşəkkür edirəm”.
   Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini Kübra Əliyeva xalça sənətinin tarixi, incəsənətimizdə tutduğu yer barədə iştirakçılara məlumat verdi.
   «Azər-İlmə» MMC-nin direktoru Vidadi Muradov çıxışında bildirdi ki, «Azərbaycan xalçaları bütün məktəbləri ilə» adlı layihə çərçivəsində indiyədək «Azərbaycan xalçaları», «Qarabağ xalçaları», «Azərbaycan xalçaları. İrəvan qrupu» kitabları işıq üzü görüb. «Azərbaycan xalçaları. Təbriz qrupu» kitabı bu nəşrlərin davamı olaraq ərsəyə gətirilib: «Mürəkkəb ornamentə, kompozisiyaya və toxunma texnologiyasına malik olan Təbriz xalçaları Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələrini özündə ehtiva edir. Təbriz qrupuna aid olan xalçalar özünün məna-məzmun yükünə görə fərqlənir, qədim bədii-texniki ənənələrə tapınaraq inkişaf edir. Böyük şöhrət qazanan Təbriz xalçaları Avropada yaşayıb-yaradan rəssamların hər zaman diqqət mərkəzində olub. Bu xalçalar müxtəlif mövzulu tabloların kompozisiyasına daxil edilib, onları həm məzmun, həm də forma baxımından zənginləşdirib».
   Qeyd edək ki, nəfis tərtibatlı kitabda Təbriz qrupunun ümumi xarakteristikasının təqdimatı, xüsusi kolleksiyada mühafizə olunan 89 xalça nümunəsinin yüksək peşəkarlıqla çəkilmiş fotoşəkilləri və səciyyəvi xüsusiyyətlərinə dair mətn yer alıb. Xalçalar üzərindəki dərin məzmunlu, ibrətamiz kitabələr də Təbriz qrupu xalçalarının təkrarsız zənginliyidir. Bu məqsədlə xalçalar üzərindəki kitabələr fars dilindən tərcümə edilərək tədqiqata cəlb olunub.
   «Azərbaycan xalçaları. Təbriz qrupu» kitabı dünyanın bir sıra ölkələrində geniş əks-səda doğurub. Kitab ingilis, fransız, italyan, alman, rus, türk və ivrit dillərində nəşr olunub.
   
   “Azərbaycan üçün böyük fəxrdir ki, xalqınıza məxsus qədim sənət dünyada belə tanıdılır”
   
   Tədbirdə xarici ölkə vətəndaşları da iştirak edirdilər. Onlardan bir neçəsinin fikrini öyrəndik.
   Azərbaycan Diplomatik Akademiyasının dekanı, kitabxana və informasiya şöbəsinin müdiri Marta Spiars (ABŞ): «Bir xalçaçılıq şirkətinin xalqın mədəniyyətini, incəsənətini yaşatmaq üçün belə böyük işlər görməsi çox sevindiricidir. «Azərbaycan xalçaları. Təbriz qrupu» kitabı maraqlanan hər kəs üçün açıqdır. Çünki bu kitab 8 dildə nəşr edilib. «Azər-İlmə» şirkətinin xalçalarla bağlı internet saytının olması, bütün nəşrlərin DVD formasında da buraxılması hər bir xarici vətəndaşa xalça sənətiniz haqqında geniş məlumat almağa şərait yaradır. Bu, Azərbaycan üçün böyük bir fəxrdir ki, xalqınıza məxsus qədim bir sənət dünyada belə yayılır, tanıdılır. Bura gələnə qədər xalça haqqında az-çox məlumatlı idim. Amerika muzeylərində Təbriz və Qarabağ xalçalarını görmüşdüm. Onlar mənim çox xoşuma gəlirdi. Digər qruplarda da xoşuma gələn xalçalar var. Ümumiyyətlə, bu sənət mənə möcüzəvi təsir bağışlayır. Xalça sənəti Azərbaycanı dünyada tanıdan möhtəşəm sənətkarlıq nümunəsidir”.
   «Völckers ART Consalting» qədim tarixi əşyaların sənədləşdirilməsi şirkətinin baş direktoru, kitabı almancaya tərcümə edən Harald Fölkers: «Bir neçə aydır, «Azər-İlmə» şirkəti ilə əməkdaşlıq edirəm. Şirkətin nəşrlərində olan materialları almancaya tərcümə edirəm. İşimlə əlaqədar Azərbaycan mədəniyyəti, xalça sənəti haqqında geniş məlumat əldə edə bilmişəm. Almaniyadakı evimizdə bir neçə xalça vardı. Bu sənətə hələ mən uşaq olanda marağım yaranmışdı. Bura gələndən sonra sanki uşaqlıq illərinə qayıtdım. Qazax, Şirvan, Qarabağ, Təbriz xalçaları, onların üzərində olan hər biri bir tarix yaşadan ornamentlər məni valeh edir. Mən xalça sənətini hələ də öyrənirəm. Bu mənə tərcümədə də kömək edir».
   
   Fəxriyyə Abdullayeva