Nizami adına Daşkənd Pedaqoji Universitetində dostluq gecəsi
   
   Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistanın müstəqilliyinin 22-ci ildönümü ilə əlaqədar “Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi” adlı tədbir keçirib.
   
   Tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
   Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov çıxış edərək iki xalqın dostluq və qardaşlıq əlaqələrinin tarixi kökləri olduğunu bildirib. Qeyd olunub ki, universitet 1947-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır və bu fakt qardaşlığımızın bariz nümunəsidir.
   Səfir Hüseyn Quliyev Özbəkistanın müstəqilliyinin 22-ci ildönümü münasibətilə mərasim iştirakçılarını təbrik edib, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Əməkdaşlığın bu səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun xüsusi xidmətləri olduğunu qeyd edib. Vurğulanıb ki, Özbəkistanla dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Filologiya elmləri namizədi, dosent Gulbaxor Aşurova şair və yazıçılarımızın dostluğundan danışıb, böyük özbək şairi Əlişir Nəvainin dahi Nizami Gəncəvini özünə ustad hesab etdiyini, onun təsiri ilə “Xəmsə” yazdığını diqqətə çatdırıb. O, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər klassik şairlərin, o cümlədən müasir qələm sahiblərinin Özbəkistanda sevildiyini vurğulayıb.
   Dostluq cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan diasporunun fəalı Almaz Məcidova və başqaları iki ölkə arasında əlaqələrin inkişafından söz açıblar.
   Geniş konsert proqramı ilə davam edən mərasimdə Azərbaycan və özbək mahnıları ifa olunub.