V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi konfrans
   
   Sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Türk xalqlarının musiqisi” mövzusunda elmi konfrans keçirildi.
   
   İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq mövzunun aktuallığından danışdı. Bildirdi ki, dünyada Azərbaycan musiqisinə, mədəniyyətimizə böyük maraq yaranıb. Ümumən dünyada türk xalqları arasında yaxınlaşma prosesi gedir. Bu, mədəniyyət sahəsində daha çox özünü göstərir. Bu baxımdan türk xalqları musiqisinin tədqiq və geniş təbliğ olunması vacibdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülnar Verdiyeva “Özbək ənənəvi musiqisi və müasir dövr” mövzusunda çıxış edərək bildirdi ki, özbək mədəniyyəti yüzilliklər boyu formalaşıb, cilalanıb. Səmərqənd şəhərindəki Reqistan, Kalyon meydanının memarlıq ansamblı, Buxaradakı Uluqbəy və Əbdüləziz xan məqbərələri kimi dünya şöhrətli abidələr bu xalqın çoxəsrlik mədəniyyət tarixinə sübutdur. Özbək ədəbiyyatının inkişafının əsasını xalq yaradıcılığı və milli folklor təşkil edir. Azərbaycan ədəbiyyatında olduğu kimi, özbək xalqının da ”Əsli və Kərəm”, “Leyla və Məcnun”, “Tahir və Zöhrə”, “Fərhad və Şirin” dastanları var. XV əsrin görkəmli şairi Əlişir Nəvai eyni zamanda özbək ədəbi dilinin banisidir.
   Özbək musiqi mədəniyyətinin kökləri daha qədim tarixə gedib çıxır. Zərb musiqi aləti doyra, naqora, simli alətlərdən tanbur (sato), qicak və ərəb mənşəli rübab, nəfəsli alətlərdən nay, surnay, koşnay, karnay və s. özbək xalqının zəngin musiqi irsindən xəbər verir. Şifahi ənənəyə malik olan orta əsrlər özbək-tacik professional musiqi janrı şaşmakom (şeşməqam - altı+məqam) XVIII əsrdə formalaşıb. Şaşmakom Orta Asiya xalqlarının ortaq sənət abidəsidir. Bu sənət abidəsi yalnız Özbəkistan və Tacikistanda deyil, Rusiya, Avstriya, Fransa, ABŞ və başqa ölkələrdə səslənərək əcnəbi dinləyicilərin rəğbətini qazanıb.
   Tədbirdə daha sonra Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə “Türkiyə bəstəkarlıq məktəbinə bir nəzər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova “Müasir dövrdə türk xalqlarının musiqisi tədqiqat və təbliğat obyekti kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə “Türk xalqlarının mahnılarında arxaik intonasiyaların izləri” adlı məruzələrlə çıxışlar etdilər.
   
   Savalan Fərəcov