Opera və Balet Teatrı ilə Roma Opera Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı
Sentyabrın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Roma Opera Teatrının direktoru Katello de Martinonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Azərbaycanla İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən nazir mədəniyyət və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərindən razılığını ifadə etdi. İkitərəfli təmasların artırılmasının zəruriliyini vurğulayan Əbülfəs Qarayev xüsusilə turizm sahəsində mövcud potensialdan istifadə edilməsini qarşıda duran mühüm vəzifə kimi səciyyələndirdi. Qeyd olundu ki, bu ilin noyabrında Azərbaycanın turizm imkanları İtaliyada beynəlxalq sərgidə nümayiş etdiriləcək.
Son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş silsilə tədbirlərə toxunan nazir bu təşəbbüslərin xalqlar arasında əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini bildirdi. İtaliyanın paytaxtında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin ucaldılmasını qarşılıqlı hörmət və anlayışa söykənən münasibətlərin bariz nümunəsi kimi səciyyələndirdi.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsaslı şəkildə yenidən qurulacağını deyən Əbülfəs Qarayev təmir-bərpa işlərinin italiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcəyini bildirdi. Nazir son illər ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən uğurlu layihələrdən də söz açdı, bu günlərdə V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının, ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş III Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yüksək səviyyədə gerçəkləşdiyini qonaqların diqqətinə çatdırdı.
Bakıda gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən Roma Opera Teatrının direktoru Katello de Martino təmsil etdiyi mədəniyyət ocağı haqqında məlumat verdi, azərbaycanlı həmkarları ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını vurğuladı.
Ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mədəniyyətin roluna toxunan qonaq mədəniyyətin xalqları yaxınlaşdıran, dostlaşdıran başlıca amil olduğunu, bu mənada Roma Opera Teatrının Azərbaycanla daimi əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirdi. Roma Opera Teatrının nəzdində fəaliyyət göstərən uşaq orkestrinin dünyanın bir çox şəhərlərində konsertlər verdiyini qeyd edən Katello de Martino kollektivin Bakıda da çıxış etməsini arzuladığını dedi.
Görüşün sonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Roma Opera Teatrı arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalandı. Sənədi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov və Roma Opera Teatrının direktoru Katello de Martino imzaladılar.
Sadiq Musa