Mədəniyyət və turizm naziri “Azərbaycanfilm” kinostudiyasının yubileyinə gəlmiş qonaqlarla görüşdü
   
   Sentyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi ilə bağlı ölkəmizdə səfərdə olan Ukrayna, Gürcüstan, Latviya, Çexiya və Özbəkistanın kino xadimləri ilə görüşdü. Qonaqları salamlayan nazir bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq ölkə kinematoqrafçıları üçün əlamətdar yubiley - “Azərbaycanfilm” kinostudiyasının 90 illiyi qeyd edilir. Bildirdi ki, bu bayrama çoxlu dostlarımızın gəlməsi bizi sevindirir.
   
   Əbülfəs Qarayev ötən müddətdə Azərbaycan kino sənətinin zəngin yol keçdiyini diqqətə çatdırdı. Kino sahəsində digər ölkələrlə əməkdaşlıq məsələlərinə toxunan nazir bu sahədə irəli sürülən bütün təşəbbüslərin nazirlik tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı: “Biz kino sahəsində digər ölkələrlə qarşılıqlı əməkdaşlıqdan məmnunuq və bu cür əməkdaşlığın davam etdirilməsində maraqlıyıq”.
   2008-ci ildə ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramının təsdiq edildiyini diqqətə çatdıran nazir bu sənəddən irəli gələn məsələlərin həlli üçün məqsədyönlü iş görüldüyünü bildirdi. Qeyd olundu ki, gənc kinematoqrafçılara dəstək verilməsi, xarici ölkələrlə təcrübə mübadiləsi, gənclərin xaricdə kino təhsili alması diqqət mərkəzindədir: “Gənclər arasında kino müsabiqələri təşkil edirik, müasir kinonun inkişafında onların potensialından istifadə etməyə çalışırıq”.
   Kino sahəsində əldə olunan uğurlara da toxunan Əbülfəs Qarayev bildirdi ki, son illərdə çəkilən filmlərin beynəlxalq festivallara dəvət alması və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilməsi olduqca sevindirici haldır: “Azərbaycanda yeni Kinematoqrafçılar İttifaqı fəaliyyətə başlayıb. Bu ittifaq gənclərin çəkdiyi filmlərin nümayişini təşkil edir, kinonun inkişafı üçün bir sıra işlər görür”.
   Qarabağ mövzusuna da toxunan nazir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından bu mövzuda yeni və daha baxımlı filmlərin çəkilməli olduğunu dilə gətirdi. Qeyd olundu ki, son illərdə çəkilmiş “Girov” və “Dolu” filmləri bu mövzuya həsr edilib.
   Nazir “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görüləcək işlərdən danışdı. Bildirdi ki, xarici kinostudiyaların təcrübəsi nəzərə alınmaqla layihə hazırlanır. Kinostudiya ölkənin iri kino sənayesi mərkəzinə çevriləcək. Hazırda kinostudiyada hər il təqribən 10 bədii və sənədli film çəkilir.
   Əbülfəs Qarayev Nizami Kino Mərkəzinin fəaliyyətə başlaması, Dövlət Film Fondunun ən müasir texniki səviyyədə təchiz edilməsi, filmlərin qorunub saxlanması və bərpası üçün baza yaradılması barədə də qonaqlara məlumat verdi. Qeyd edildi ki, kinoteatrlar şəbəkəsinin genişlənməsinə və özəl kinoteatrlar yaradılmasına böyük diqqət yetirilir.
   Görüşdə “Özbəkfilm” kinostudiyasının direktoru Fayziraxmon Usmanov, Çexiyanın “Barrandov” studiyasının servis direktoru Petr Tichy və başqaları səmimi qəbula görə minnətdarlıqlarını bildirdilər. Qonaqlar nazir Əbülfəs Qarayevə və “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova ölkələri adından kino diskləri və müxtəlif hədiyyələr təqdim etdilər.
   
   Sadiq Musa