Sentyabrın 30-da Türkiyənin İstanbul Universitetində VIII beynəlxalq türkologiya konqresi işə başlayıb. 20 ölkədən 300-dən çox nümayəndənin qatıldığı tədbirdə Azərbaycan alimləri də iştirak edirlər.
   Açılışda Türkiyə Prezidenti Administrasiyasının baş katibi, professor Mustafa İsen, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, İstanbul Universiteti ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan iştirak ediblər.
   Konqresdə türkologiya, dilçilik sahəsində böyük xidmətləri olan görkəmli elm adamlarının əsərləri haqqında məruzələr dinlənilir. Bəxtiyar Vahabzadə, Zərifə Budaqova, Abbas Zamanova həsr olunmuş seminarlarda türk ədəbiyyatı və türk dilləri qrupunda dilçilik məsələləri üzrə yeni tədqiqat əsərləri təqdim edilir. Azərbaycandan professor Əbülfəz Amanoğlunun “Şeybaninamə”nin cığatay dilinin formalaşması və inkişafında rolu”, dosent Nuridə Novruzovanın “Qədim türk mətnlərində nifrət və sevgi qavramlarının ifadə şəkli”, dosent Vahid Adilovun “Şəcəreyi-Tərakimə” mətninin xüsusiyyətləri” və digər məruzələr böyük maraqla qarşılanıb.
   Türkologiya konqresi oktyabrın 4-də başa çatacaq.