“Hazırda qoyulan investisiyalar, inkişaf üçün yeni istiqamətlər gələcək illərdə də qeyri-neft sektorunun yüksək templə inkişafını təmin edəcəkdir”

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Cari ilin ötən müddətinin ölkəmiz üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu dövrdə bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olub, iqtisadiyyat 5,4 faiz, qeyri-neft sektoru isə 10,4 faiz artıb və bu, dünya miqyasında ən yüksək göstəricidir: “Eyni zamanda, bu göstərici ona dəlalət edir ki, ölkə iqtisadiyyatı artıq bundan sonra da öz uğurlu inkişafını təmin edəcəkdir. Çünki hazırda qoyulan investisiyalar, yaradılan yeni iş yerləri, inkişaf üçün hazır olan yeni istiqamətlər, sənaye istehsalının yeni istiqamətləri, əminəm ki, gələcək illərdə də qeyri-neft sektorunun yüksək templə inkişafını təmin edəcəkdir. Beləliklə, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən asılılığını gələcəkdə tamamilə aradan götürəcəkdir. Eyni zamanda, əlbəttə ki, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin nəticəsidir. Çünki mən bu məsələlərlə bağlı fikirlərimi mütəmadi qaydada bildirirəm və qeyd edirəm ki, iqtisadi sahədə əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Biz buna da nail ola bilmişik və 10,4 faiz artım bunun gözəl göstəricisidir”.
Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdə qərarlaşıb. Bu ilin doqquz ayında Azərbaycan iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, bunun 10,5 milyard dolları daxili, 7,2 milyard dolları isə xarici sərmayələrdir. Bu dövrdə valyuta ehtiyatları artıb və hazırda 49,4 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır.
Prezident qeyd edib ki, doqquz ayda əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, müvafiq proqramlar icra edilib. Regionların inkişafı ilə bağlı bütün hədəflərə nail olunub. Prezident müsbət inkişaf dinamikasının qorunması ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu deyib. İlin sonuna qədər dövlət investisiya proqramı icra olunmalı, makroiqtisadi sabitlik qorunmalı, süni qiymət artımına yol verilməməlidir: “Bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqramların qəbul edilməsi bölgələrdə mövcud vəziyyətin yaxşılaşdırılmasında müstəsna rol oynamışdır. İş yerlərinin açılması, yeni sənaye müəssisələrinin yaradılması, bölgələrdə infrastruktur layihələrinin icrası, o cümlədən sosial infrastrukturun yaradılması bir neçə ciddi məsələnin həllinə gətirib çıxarmışdır. Bölgələrdə iş yerləri açıldı. Bölgələr canlandı”.
Gələn il regionların inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının qəbul ediləcəyini deyən Prezident İlham Əliyev sənəddə bölgələrin bütün sosial və iqtisadi problemlərinin həlli ilə bağlı məsələlərin əks olunacağını bildirib.
Prezident vurğulayıb ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu dövrdə ölkəmizə 150 milyard dollar investisiya qoyulub, büdcə xərcləri 20 dəfə çoxalıb. Pensiyalar 10 dəfə, maaşlar 6 dəfə artıb. Son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi tikilib və ya təmir edilib, 35 olimpiya idman kompleksi inşa olunub: “Bu illərdə bizim şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı artıq dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Paytaxtımız ölkəmizdə gedən bu quruculuğun, inkişafın, abadlaşmanın simasıdır və Azərbaycanın uğurlu inkişafını təcəssüm etdirir”.