«Şərq-Qərb» nəşriyyat evi ölkəmizdə kitab çapı və poliqrafiya sahəsində böyük təcrübəsi və texniki imkanları olan təşkilatlardandır. Hər il ümumi tirajı 2 milyondan çox olan çap məhsulları istehsal edir. Sərgi-yarmarka ilə bağlı nəşriyyat evinin direktoru Rasim Müzəffərlinin fikirlərini öyrəndik:

- Kitab sərgi-yarmarkalarında iştirak bizim üçün həmişə prioritetdir. Təkcə ona görə yox ki, bizim biznesimiz, işgüzar fəaliyyətimiz bu sahədədir. Kitab, bilik bu gün Azərbaycana, gənclərimizə lazımdır. Sürətlə inkişaf edən iqtisadiyyatla yanaşı, elm və təhsilimiz də yüksək səviyyədə olmalıdır. Ona görə də ölkəmizdə kitabla bağlı reallaşdırılan hər bir tədbirin əhəmiyyəti böyükdür. Paytaxtımızda keçirilən ötən iki sərgi-yarmarkada fəal iştirak etmişik. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında da yüksək səviyyədə təmsil olunacağıq.

Nəşriyyatımız 1986-cı ildən fəaliyyət göstərir. Beynəlxalq tədbirlərdə iştirak təcrübəmiz var, London, Leypsiq və Frankfurtda dünyanın ən böyük kitab sərgilərinə ayrıca stendlə qatılırıq. Bakıdakı sərgilərdə nümayiş etdirdiyimiz nəşrlər əsasən yerli oxucular üçün nəzərdə tutulur. Xarici ölkələrdə keçirilən sərgilərində isə müxtəlif layihələr təqdim edirik.

Bu il oktyabrın 9-dan 13-dək Frankfurtda növbəti beynəlxalq kitab sərgisi keçiriləcək. Orada ayrıca stendimiz olacaq. Ötənilki sərgidə biz böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin alman dilində ikicildliyinin təqdimatını keçirdik. Nəsiminin zəngin irsi ilk dəfə Avropa oxucusuna tam bir kitab şəklində təqdim olundu. Nəşrin üzərində çalışanlardan biri də Maykl Hels idi. Bu şəxs Nəsimişünas alim olmaqla yanaşı, Azərbaycan dilini çox gözəl bilir. Alman şairi Moritsen isə tərcümə olunmuş əsərləri şeir formasına salıb. Kitabın təqdimatı zamanı iki alman alimi və şairi Nəsimi haqqında dinləyicilərə məlumat verdilər, onun şeir və qəzəllərini alman və Azərbaycan dillərində təqdim etdilər. Bu, «Şərq-Qərb» nəşriyyatının ən uğurlu layihələrindən biri olub.

Builki Frankfurt sərgisində «Azərbaycan miniatürləri» kitabını təqdim edəcəyik. Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr edilən kitabda miniatür illüstrasiyaları toplanıb, eyni zamanda miniatür sənətimiz haqqında geniş məlumat verilib. Kitab 30 ildən sonra ilk dəfə latın əlifbası ilə yenidən işlənmiş formada təqdim olunacaq.

«Şərq-Qərb» nəşriyyatı bilavasitə kitab satışı ilə özü məşğul olmur. Amma yarmarkalarda təbii ki, kitablarımızı istəyənlər olur. Bizim sərgilərdə iştirak etməkdə əsas məqsədimiz kitab satmaq deyil. Əsas istəyimiz Azərbaycanın nəşriyyat sahəsində inkişafını təqdim etməkdir.

Fəxriyyə Abdullayeva