“Sərgi-yarmarkalar oxucunu kitaba, kitabı oxucuya daha da yaxınlaşdırır”
“Kitab klubu”nun direktoru Elxan Rzayev sərgi-yarmarka ilə bağlı fikirlərini bizimlə bölüşdü:
- “Kitab klubu” 2003-cü ildən fəaliyyətə başlayıb. Məqsədimiz Azərbaycan kitabını təbliğ etməkdir. Bizim üçün janr, müəllif və mövzu fərqi yoxdur. Çalışırıq ki, Azərbaycanda çıxan hər kitabdan bir nüsxə bizdə olsun. Onları biz internet səhifəmizdə və sosial şəbəkələrdə təbliğ edirik. Paralel olaraq “Azərbaycan nəşrləri” adı altında jurnal-kataloq buraxırıq. Çap olunan kitabları mümkün qədər geniş ictimaiyyət arasında yaymağa çalışırıq.
Kitabla bağlı Bakıda beynəlxalq tədbirlərin keçirilməsi ilk növbədə oxucunu kitaba, kitabı oxucuya daha da yaxınlaşdırır. Bu mənada paytaxtımızda artıq üçüncü dəfə beynəlxalq kitab sərgi-yarmarkasının təşkili kitaba bağlı olan hər kəsi sevindirir. Biz bundan əvvəl I və II sərgi-yarmarkalarda iştirak etmişik. Hər dəfə 100-dən çox adda kitab nümayiş etdirmişik. Bu dəfə də bir o qədər kitabı təqdim etməyi düşünürük.
İnanıram ki, budəfəki tədbir də uğurla keçəcək. İstərdim ki, sərgi ilə bağlı informasiya mümkün qədər geniş yayılsın. Kütləvi informasiya vasitələrindən xüsusi aktivlik gözləyirəm. Çünki cəmiyyətin inkişafı kitablardan, mütaliədən keçir.
Fəaliyyətə başladığımız ilk illərlə müqayisədə indi kifayət qədər inkişaf müşahidə olunur. Bu, kitab çapındakı yeni tendensiyalarda, kitab oxunmasına olan meyldə də özünü göstərir.
Bizim əsas layihələrimizdən biri ölkə başçısının sərəncamı ilə işıq üzü görən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nın abunəsini təşkil etməkdir. Eyni zamanda yazıçılarla görüşlər təşkil edir, kitabların təqdimatını keçiririk.