Daşkənddə görkəmli şair, dramaturq, ədəbiyyatşünas Maqsud Şeyxzadənin 105 illiyi münasibətilə tədbir keçirilib

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan Yazıçılar İttifaqı və ölkəmizin Daşkənddəki səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi və pedaqoq Maqsud Şeyxzadənin (1908-1967) anadan olmasının 105 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət xadimləri, tanınmış alimlər, universitetin professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Universitetin filologiya fakültəsinin dekanı İnamcon Azimov çıxışında Maqsud Şeyxzadənin özbək ədəbiyyatındakı yerindən danışıb, ədəbiyyatşünas alimin 1938-ci ildən ömrünün sonunadək bu ali məktəbdə dərs dediyini diqqətə çatdırıb. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Maqsud Şeyxzadəni iki xalqın böyük oğlu adlandırıb. Bildirib ki, Azərbaycanın Ağdaş rayonunda doğulan Maqsud Şeyxzadə taleyin qisməti ilə ömrünün çox hissəsini Özbəkistanda yaşayıb-yaradıb. Özbəkistan Prezidenti İslam Kərimovun fərmanı ilə “Böyük xidmətlərə görə” ordeni ilə (ölümündən sonra) təltif olunub. Bu, onun yaradıcılığına və şəxsiyyətinə verilən böyük qiymətdir.
Universitetin prorektoru Odina Jamoldinova, professorlar Maruba Mirkasimova, Naim Karimov və digər çıxış edənlər alim və ədibin həyat və fəaliyyəti haqqında danışıb, onu özbək ədəbiyyatının klassiki adlandırıblar. Ədibin tələbəsi olmuş professor Həmidcon Həmidi müəllimi haqqında xatirələrini söyləyib.
Tələbələr ədibin dram əsərlərindən parçalar təqdim ediblər, Maqsud Şeyxzadə haqqında sənədli filmdən epizodlar nümayiş etdirilib.
Qeyd edək ki, 1928-ci ildə Daşkəndə sürgün olunan Maqsud Şeyxzadə ömrünün axırınadək burada yaşayıb. Nizami, Füzuli, M.F.Axundzadə, Hüseyn Cavid, Səməd Vurğun və Rəsul Rzanın əsərlərini özbək dilinə tərcümə edib. Onun “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.