Heydər Əliyev Mərkəzinin arxitektura təqdimatı keçirilib

Noyabrın 5-də müasir Bakının memarlıq rəmzi olan, qeyri-adi görünüşü ilə paytaxtımıza xüsusi yaraşıq verən Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatı keçirilib. Mərasimdə rəsmi şəxslər, müxtəlif ölkələrdən nümayəndələr, tanınmış arxitektorlar, o cümlədən Heydər Əliyev Mərkəzinin dünya şöhrətli memarı Zaha Hadid iştirak edib.

Mərkəzin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək deyib ki, Azərbaycan özünəməxsus memarlığı ilə daim fərqlənib. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmizin yeni siması formalaşdırılır, paytaxt Bakını daha da gözəlləşdirən müasir memarlıq nümunələri yaradılır. Son illərdə Bakıda tikilən, ideya və arxitektura baxımından diqqəti cəlb edən nadir memarlıq nümunələrindən biri də Heydər Əliyev Mərkəzidir.
Qeyd olunub ki, məşhur memar Zaha Hadidin müəllifi olduğu hər bir abidə kimi, Heydər Əliyev Mərkəzinin binası da arxitektura incəlikləri, dizaynı, xarici və daxili görünüşünün bir-birini tamamlaması, ümumiyyətlə, öz aurası ilə hamını heyran edir. Mərkəzin direktoru öz nadirliyi ilə seçilən bu binanın layihəsini məhz doğma Bakımızda həyata keçirdiyinə görə Zaha Hadidə təşəkkürünü bildirib.
Heydər Əliyev Mərkəzinin memarı, arxitektura sahəsində nüfuzlu “Pritzker” mükafatının sahibi Zaha Hadid çıxışında Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dəvətə görə təşəkkürünü bildirib. Belə misilsiz binanın inşasının gözəl təcrübə olduğunu deyən memar layihənin uğurlu icrasında iştirak edənlərin hər birinə və komandasının üzvlərinə bir daha təşəkkürünü çatdırıb.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə ötən əsrin əvvəlində olduğu kimi, bu gün də Azərbaycanda milli və Avropa memarlığının şah əsərlərinin yaradıldığını deyib. O, Zaha Hadidin Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçildiyini elan edərək “Akademik Mikayıl Hüseynov medalı”nı ona təqdim edib.
Mərasimdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görkəmli memar Zaha Hadid ilə görüşüblər. Qonağa üzərində Heydər Əliyev Mərkəzinin binasının təsvir olunduğu xalça hədiyyə edilib.
Sonra Heydər Əliyev Mərkəzinin arxitektura təqdimatına həsr olunan konsert proqramı nümayiş etdirilib. Azərbaycan incəsənət ustaları maraqlı və rəngarəng konsert proqramı ilə çıxış ediblər. Konsertdən sonra mərasim iştirakçılarının şərəfinə ziyafət verilib.
Xatırladaq ki, Bakıda Heydər Əliyev Mərkəzi ölkə Prezidentinin 29 dekabr 2006-cı il tarixli sərəncamına əsasən yaradılıb. Mərkəzin təməli 2007-ci ilin sentyabrında atılıb, rəsmi açılışı 2012-ci il mayın 10-da keçirilib. Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu Bakıda ucaldılan bu nadir memarlıq abidəsi möhtəşəm görünüşü və əzəməti ilə müasir paytaxtımızın simasını daha da gözəlləşdirir.