UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasının gündəliyində digər məsələlərlə yanaşı, qurumun qeyri-maddi mədəni irs üzrə iki siyahısına təqdim olunan nominasiyaların müzakirəsi mühüm yer tutur.

Qeyd edək ki, qurumun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına 11 nominasiya təklif olunub. Bu sırada Azərbaycan (çövkən - qədim atüstü Qarabağ oyunu), Botsvana, Qvatemala, İndoneziya, Keniya, Meksika, Monqolustan, Nikaraqua, Makedoniya, Uqanda daxildir.
Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına isə 30 nominasiya təklif edilib. Bu ölkələr sırasına Əlcəzair, Nigediya, Mali, Avstriya, Banqladeş, Belçika, Boliviya, Braziliya, Çin, Xorvatiya, Efiopiya, Fransa, Gürcüstan, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Peru, Koreya Respublikası, Seneqal, Slovakiya, Kipr, Makedoniya, Türkiyə, Ukrayna, Venesuela və Vyetnam daxildir. Adıçəkilən ölkələrin hər biri ayrı-ayrılıqda öz ənənəvi mədəniyyət və folklor nümunələrini təqdim etməklə yanaşı, bir neçə ölkə birlikdə yaratdıqları, sahib olduqları dəyərləri bu siyahıya təqdim etmək təşəbbüsü ilə çıxış ediblər.
Məsələn, Əlcəzair-Mali-Nigeriyanın Tuareq (Tamaşek) icmalarının bilik və təcrübələrini birləşdirən “İmzad”, Kipr-Xorvatiya-İspaniya-Yunanıstan-İtaliya-Mərakeş-Portuqaliyanın “Aralıq dənizi pəhrizi”, Rumıniya-Moldovanın Milad bayramı ayini hesab edilən “Kolindat” nominasiyalar sırasında yer alıb.
Qardaş Türkiyə Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına türk qəhvə hazırlanma ənənəsini təklif edib.
Qeyd edək ki, son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Bu Konvensiya UNESCO üzvü olan 195 ölkənin 156-sı tərəfindən dəstəklənib. Konvensiyanın 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır.
Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində beynəlxalq strategiyaların inkişaf etdirilməsində əsas mərhələ olub. Belə ki, beynəlxalq cəmiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyaclarını tanıyıb. Konvensiyanın 10 illik yubileyi ilə əlaqədar 2013-cü ilin əvvəllərində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı aidiyyəti tərəfdaşların yerli, regional və beynəlxalq səviyyədə təşkil etdiyi tədbirlər və fəaliyyətlər haqqında məlumatları dünya ictimaiyyəti ilə paylaşmaları üçün platforma yaradılıb.

Mehparə