Qurumun növbəti sessiyası 2014-cü ilin noyabrında Parisdə keçiriləcək
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının dekabrın 6-da keçirilən ilk iclasında qurumun gələcək fəaliyyətinə dair müzakirələr aparıldı. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi iclasda komitənin 2014-cü il üçün məşvərətçi qurumunun (nominasiyaların qiymətləndirilməsi ilə məşğul olan heyət) yaradılmasına və onun texniki şərtlərinə dair qərar layihəsi (8.COM 9.a) nəzərdən keçirildi.
Əvvəlcə əməliyyat direktivlərinə ilkin düzəlişlər müzakirə olundu. “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın katibi Sesil Düvel bildirdi ki, Hökumətlərarası Komitənin 2012-ci ilin dekabrında Parisdə keçirilən sessiyasında mühafizənin, kommersiyalaşmanın və davamlı inkişafın arasında münasibətlər müzakirə edilib, müxtəlif rəy və təkliflər verilib. Lakin Konvensiyanın yerinə yetirilməsi üzrə əməliyyat direktivləri mütəmadi olaraq yenilənir: «Xüsusilə kommersiyalaşmada diqqətli olmaq lazımdır. Biz burada qiymətləndirmə aparmalıyıq. Hazırda «8.COM 13.a» qərar layihəsinin 116 və 117-ci bəndlərinə müəyyən dəyişikliklər edilib. Bu dəyişikliklər ayrıca təlimat kimi sənədə əlavə olunub».
Sesil Düvel bildirdi ki, mühafizə, kommersiyalaşma və davamlı inkişaf o qədər vacib istiqamətlərdir ki, onlarla bağlı məsələ komitənin növbəti, 9-cu sessiyasında da öz əksini tapa bilər.
Sonra «8.COM 13.a» sənəd layihəsinin müzakirəsi başladı. Müxtəlif ölkələrin, QHT sektoru nümayəndələrinin təklifləri nəzərə alınmaqla, müvafiq düzəliş və dəyişikliklərlə sənəd qəbul olundu.
İclasda həmçinin “Bəşəriyyətin qeyri-maddi irsinin Reprezentativ Siyahısı”na salınmalı olan nominasiyaların nəzərdən keçirilməsi üçün seçim məsələlərinə dair işçi sənəd də müzakirə edildi.
* * *
Sessiyanın günün ikinci yarısında keçirilən iclasında UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”sının katibi Sesil Düvel qeyri-hökumət təşkilatları barədə hesabatla çıxış etdi.
Sessiya çərçivəsində dekabrın 1-də Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumunun təşkil olunduğu, tədbirdə müxtəlif ölkələrdən 150-dən artıq QHT nümayəndəsinin iştirak etdiyi diqqətə çatdırıldı. Vurğulandı ki, UNESCO-nun 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin ali məclislərində indiyədək 156 QHT akkreditə olunub. Onların bəziləri qeyri-maddi mədəni irsin əsas daşıyıcıları ilə sıx əlaqə saxlayır, digərləri sadəcə mədəni vasitəçi kimi fəaliyyət göstərirlər.
Bildirildi ki, QHT-lər konvensiyanın işində mühüm rol oynamaq niyyətindədirlər. Bu səbəbdən QHT-lər üçün akkreditasiya prosesi dəyişdirilməli, onların qeydiyyat məsələsinə yenidən baxılmalı və sadələşdirilməlidir.
Hesabat ətrafında fikir mübadiləsi aparan iştirakçılar vurğuladılar ki, qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının da rolu əvəzsizdir. Bu səbəbdən də QHT-lər üçün meyarların dəyişdirilməsi zərurətə çevrilib.
Müvafiq sahə üzrə siyahıya alınmış elementin genişləndirilməsi və ya ixtisara salınması proseduru müzakirə edildi və sənəd layihələri (“8.COM 14.a” və “8.COM 14.b ”) qəbul edildi.
Müzakirə olunan məsələlərdən biri də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti sessiyasının harada keçirilməsi məsələsi oldu. Qərara alındı ki, Hökumətlərarası Komitənin 9-cu sessiyası 2014-cü il noyabrın 24-dən 28-dək Parisdə keçirilsin.
Fəxriyyə Abdullayeva,
Sadiq Musa