UNESCO Hökumətlərarası Komitəsinin 8-ci sessiyası başa çatdı
Dekabrın 7-də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası öz işini yekunlaşdırdı.
Sessiyanın son günü maraqlı görüntülərlə yadda qaldı. İclasdan əvvəl “Marriott Absheron” hotelinin foyesində tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş edildi. Azərbaycanın incəsənət ustaları tərəfindən qədim “Kilimarası”, “Maral oyunu”, “Qız şahı” oyunları, eləcə də milli rəqslərimiz ahəngdar musiqinin sədaları altında nümayiş olundu. Rəqslərimiz sessiya iştirakçılarının gurultulu alqışları ilə qarşılandı, hətta bəzi qonaqlar da ifaya qoşuldular.
Sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə sessiyanın yekun iclası başlandı. Nəzərdə tutulan bütün sənədlərin müzakirə və qəbul olunduğunu xatırladan nazir bildirdi ki, sonuncu iclasda əsas məsələ UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərar layihəsinin təsdiqi və qəbul edilməsidir.
Müzakirələrin gedişində Yunanıstan və Uruqvayın təklifləri əlavə edilməklə qərar təsdiq olundu. “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya”nın katibliyinə iki həftə ərzində sessiyanın sonuncu iclasında qəbul edilmiş müvafiq əlavə və dəyişiklikləri təşkilatın saytında yerləşdirmək və aidiyyəti qurumlara göndərmək tövsiyə olundu.
Sonra sessiya çərçivəsində gerçəkləşən beynəlxalq QHT forumunun nümayəndələrinə söz verildi. Çıxış edənlər UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasının çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar, qeyri-maddi mədəni irsin qorunmasına dair fikirlərini bölüşdülər. Bildirildi ki, Bakı sessiyası qeyri-maddi irsin qorunmasında QHT-lərin rolunun artırılması, onların fəaliyyət sahələrinin genişləndirilməsi baxımından səmərəli oldu. Bir sıra yeni təkliflər də səsləndirən forum nümayəndələrinin qaldırdıqları məsələlərə iclasın sədri Əbülfəs Qarayev tərəfindən müsbət rəy bildirildi. Sədr səslənən xahiş və təkliflərin nəzərə alınacağını, gələcəkdə də QHT-lərlə qeyri-maddi mədəni irsin qorunması yönündə əməkdaşlığın genişləndiriləcəyini, bu istiqamətdə daha məqsədyönlü iş aparılacağını vurğuladı.
Sessiyanın bağlı elan edilməsindən əvvəl Əbülfəs Qarayev Azərbaycan hökuməti adından UNESCO-nun baş direktoru İrina Bokovaya ölkəmizə göstərdiyi böyük etimad və dəstəyə görə minnətdarlığını ifadə etdi. Mədəniyyət və turizm naziri Azərbaycanın UNESCO ilə əməkdaşlıq məsələlərinə dövlət başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi diqqətlə yanaşdıqlarını vurğuladı, sessiya iştirakçılarının müzakirələrdə məhsuldar fəaliyyətlərini qeyd etdi.
Sonra sessiya ilə bağlı təəssüratlarını bölüşmək üçün Hökumətlərarası Komitənin üzv ölkələrinin nümayəndələrinə söz verildi. Çıxış edənlər sessiyanın uğurla keçdiyini, Azərbaycanın belə bir mötəbər tədbirə layiqli ev sahibliyi etdiyini vurğuladılar. Kot-d’İvuar nümayəndəsinin “Azərbaycan bizə qonaqpərvərlik dərsi keçdi” fikrini isə tədbir iştirakçıları böyük razılıq və hamının adından deyilmiş ifadə kimi qarşıladılar.
UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının, eləcə də müvafiq Konvensiyanın 10 illik yubileyinin yüksək səviyyədə təşkil olunduğunu dedi və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə etdi.
Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir daha tədbir iştirakçılarına təşəkkür edərək UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasını bağlı elan etdi.
İclas zalına daxil olan Azərbaycan incəsənət ustalarının milli musiqimizin sədaları altında “Yallı” və digər rəqsləri ifa etməsi tədbirin yekununa bayram ab-havası qatdı. “Yallı” rəqsinin məhz iclas zalında ifa olunması eyni zamanda xalqların, mədəniyyətlərin birliyinə işarə kimi qiymətləndirildi.
* * *
Yekun iclasdan sonra mətbuata açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycana gələn qonaqların ölkəmizin zəngin mədəniyyətinə, incəsənətinə, tarixinə heyran qaldığını bildirdi. UNESCO-nun sessiyasında müzakirə olunan məsələlər barədə ictimaiyyətə geniş məlumatların verildiyini deyən nazir belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsinin dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə ərsəyə gəldiyini diqqətə çatdırdı.
Sessiyada qeyri-maddi mədəni irsin qorunmasına yönəlmiş beynəlxalq mexanizmlərin təkmilləşdirilməsinə, işin daha səmərəli aparılmasına dair mühüm qərarların qəbul olunduğunu deyən Əbülfəs Qarayevin sözlərinə görə, bu tədbir Azərbaycan paytaxtının bəşəriyyət üçün artıq nə dərəcədə mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi: “Şəhərimizə gələn xarici qonaqlar Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin bir daha şahidi oldular. Düşünürəm ki, bu təəssüratlar xarici qonaqların yaddaşlarından uzun müddət silinməyəcək. Əsas məsələ cəmiyyətdə milli adət-ənənələrin, qonaqpərvərliyin, xalqımızın vətənpərvərliyinin qorunmasıdır. Bu sessiya Azərbaycanın strateji cəhətdən düzgün yolda olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində addımlarını bundan sonra da genişləndirəcək”.
Sadiq Musa