Dekabrın 14-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bədii təhsil sahəsində müasir istiqamətlər layihəsi üzrə “Solfecio fənninin tədrisində yeni yollar: tədris prosesinin sistemləşdirilməsi və optimallaşdırılması” mövzusunda skype-mühazirə keçirib. Mühazirəni E.Levinski adına Pedaqoji institutun musiqi nəzəriyyəsi kafedrasının professoru Yefim Yoffe (Tel-Əviv, İsrail) aparıb. Professor solfecio fənninin tədrisi prosesinin sistemləşdirilməsi, şagirdlərin eşitmə qabiliyyətlərinin müxtəlif pedaqoji metodlarla inkişaf etdirilməsi, musiqi imlasının mərhələli şəkildə yazılması, qavranılması və digər pedaqoji metodlar barədə danışıb, müxtəlif slaydlar nümayiş etdirib, ümumilikdə tədris prosesinin optimallaşdırılması sahəsində öz mülahizələrini izah edib.
Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin məsləhətçisi Vüqar Baxışov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təhsil şöbəsinin müdiri Natiq Mustafayev, Akademiyanın müəllimləri İmina Əliyeva, Fəttah Xalıqzadə, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Turan Məmmədəliyeva çıxış edərək belə virtual əlaqələrin əhəmiyyətini qeyd edib, gələcəkdə digər ixtisaslar üzrə interaktiv-ustad dərslərin, mühazirələrin, seminarların aparılmasının vacibliyini vurğulayıblar.
Mühazirədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından, məktəb-studiyadan, Bakı şəhər uşaq musiqi, incəsənət məktəblərindən 60-a yaxın müəllim iştirak edib.