Azərbaycan Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin Bürosuna üzv seçilib
18-19 dekabr tarixində Parisdə UNESCO-nun baş qərargahında Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 8-ci iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
İclasın gündəliyində duran bir sıra məsələlərlə yanaşı, Komitənin Bürosuna seçkilərin keçirilməsi, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması üzrə Komitənin tövsiyələrinin və “Gücləndirilmiş mühafizə statusu” üçün edilmiş müraciətlər üzrə qərarların qəbul edilməsinə dair müzakirələr aparılıb.
Büroya Komitənin prezidenti qismində Belçika, vitse-prezidentlər qismində Azərbaycan, Misir, Kamboca və Mali, məruzəçi qismində isə Salvador seçilib. Qeyd edək ki, Azərbaycan davamlı olaraq iki ildir ki, Büroya üzv seçilir. Azərbaycanın yenidən Büroya üzv seçilməsi ölkəmizin işğal edilmiş ərazilərində mədəni mülkiyyətin qorunması ilə bağlı məsələnin davamlı olaraq Komitədə müzakirə edilməsinə imkan yaradacaq.
Komitə üzvlərinin yekdilliklə qəbul etdiyi qərara əsasən Qobustan və İçərişəhər qoruqlarına hərbi münaqişələr zamanı “Gücləndirilmiş mühafizə statusu” verilib.
Sessiyada işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib. Sənəddə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və ölkəmizin maraqlarına uyğun olan digər aspektlər əksini tapıb.
Sənədin nəticələr hissəsində işğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması ilə bağlı vəziyyətin monitorinq edilməsi məqsədilə UNESCO texniki missiyalarının göndərilməsinin mümkünlüyü qeyd edilib. Ermənistanın işğal edilmiş ərazilərə müşahidə missiyalarının göndərilməsi və işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasına çıxarılmasına etiraz etməsinə baxmayaraq, sənədin qəbul edilməsinin qarşısını ala bilməyib. Komitənin əksər üzvləri Azərbaycanın maraqlarına uyğun olan müddəaları dəstəkləyiblər.