Dekabrın 19-da Milli Kitabxanada Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun ənənəvi qida komitəsinin sədri Tahir Əmiraslanovun “Söz mətbəxi” kitabının təqdimat mərasimi keçirildi.

Kitabda Azərbaycan mətbəxinin milli düşüncə, folklor, ədəbiyyat, fəlsəfə, estetika, etika və incəsənət ilə bağlılığından danışılır. Nəşrdə adları çəkilən yeməklər təkcə toxluğu təmin edən vasitə kimi yox, həm də xalqın milli, tarixi, ənənə və müxtəlif vərdişləri ilə tanışlıq baxımından qiymətli mənbədir. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.
Tədbirdə çıxış edən Tahir Əmiraslanov bildirdi ki, yemək sadəcə qidalanma vasitəsi deyil, həmdə insanların öz gigiyenasına düzgün əməl etmə mədəniyyətidir: “Düzü, mən bu kitabı yazmaq haqqında fikirləşmirdim. Onun ərsəyə gəlməsi yaxşı mənada professor Məhərrəm Qasımlının təkidi ilə gerçəkləşdi. Kitabda elmin müxtəlif sahələrini əhatə edən məsələlərə toxunmuşam. Əgər hansısa səhvlərə yol vermişəmsə, əvvəlcədən üzr istəyirəm”.
Tahir Əmiraslanov onu da qeyd etdi ki, ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Mətbəx dastanları”, “Qarabağ mətbəxi” və digər kitabları da işıq üzü görüb.
Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı kitabı yüksək dəyərləndirdi: “Tahir müəllim Azərbaycan mətbəx mədəniyyətini dərindən bilən bir tədqiqatçıdır. O, eyni zamanda Azərbaycan incəsənətini, tarixini, etnoqrafiyasını yüksək səviyyədə bilir və bu, “Söz mətbəxi” kitabında da öz əksini tapıb”.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, professor Rafael Hüseynov bildirdi ki, son illər tariximizin, mədəniyyətimizin müxtəlif sahələrini əhatə edən kitablar tez-tez nəşr olunur: “Kitabın əsas işi beynimizdə formalaşan müxtəlif suallara cavab verməklə yanaşı, həm də bizdə düşünmək üçün müxtəlif suallar yaratmalıdır. “Söz mətbəxi” məhz elə kitablardandır”.
Millət vəkili Qənirə Paşayeva kitabın Azərbaycan mətbəxinin, mədəniyyətinin təbliğində xüsusi yeri olacağını dedi: “Tahir Əmiraslanov bir peşəkar kimi elmi cəhətdən əsaslandırılmış yazıları ilə mətbəximizə də əl uzadan mənfur qonşularımıza layiqli cavab verir. Bu da çox sevindirici haldır”.
Tədbirdə digər çıxış edənlər kitabın əhəmiyyətini vurğuladılar. “Söz mətbəxi” kitabının çap olunmasını Azərbaycan mədəniyyətinin təbliğinə töhfə kimi qiymətləndirdilər.

F.Hüseynov