Dekabrın 20-də Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Kitabxanası arasında əməkdaşlıq barədə memorandum imzalandı.
Mərasimdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov memorandumun ikitərəfli əlaqələrin daha da genişlənməsinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacağını bildirdi.
Qeyd olundu ki, hazırda Milli Kitabxananın fondunda gürcü ədəbiyyatından çoxlu sayda nümunələr var. Yeni əməkdaşlıq sənədi fondun işlənməsi, kataloqlaşdırılması və oxuculara təqdim olunması baxımından da əhəmiyyətlidir.
Direktor Gürcüstan Milli Kitabxanasında da Azərbaycanla bağlı qiymətli kitabların olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda Azərbaycan Milli Kitabxanası tərəfindən bu nəşrlərin orijinal nüsxələrinin və ya sürətlərinin ölkəmizə gətirilməsinə dair işlər aparılır. Kitabxananın üç əməkdaşı bununla bağlı Gürcüstanda ezamiyyətdədir.
Gürcüstan Milli Kitabxanasının direktoru Georgi Kekelidze də əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd etdi. Bildirdi ki, kitablar ölkələr arasında ən yaxşı körpüdür: “Ölkələrimiz arasında kitab mübadiləsi bizi bir-birimizə daha da tanıdır. İnsanlarımız ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar”.
Sonra Azərbaycan və Gürcüstan milli kitabxanalarının direktorları Kərim Tahirov və Georgi Kekelidze ikitərəfli əməkdaşlıq barədə memorandumu imzaladılar. Sonda Gürcüstan Milli Kitabxanası tərəfindən Azərbaycan Milli Kitabxanasına hədiyyə edilən 100 nüsxə kitabın təqdimatı oldu.
Lalə Azəri