Bakıda “Səma göstərisi” və təsəvvüf musiqisi təqdim olundu

Dekabrın 20-də Akademik Milli Dram Teatrında Türkiyənin Konya şəhərinin təsəvvüf musiqi qrupunun Mövlana Cəlaləddin Ruminin 740 və Seyid Yəhya Bakuvinin 550 illik yubileylərinə həsr edilən konserti keçirildi.

“Səma göstərisi” və təsəvvüf musiqisindən ibarət konsert proqramı Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Bakıdakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi, Gəncliyə Yardım Fondu və “Lider qadınlar” İctimai Birliyinin dəstəyi ilə təşkil olunmuşdu.
Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşkun çıxış edərək Şərqin iki görkəmli filosofu və alimi - Mövlana Cəlaləddin Rumi və Seyid Yəhya Bakuvinin işığına toplaşanları salamladı.
Səfirliyin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan çıxışında bu il Cəlaləddin Ruminin və Seyid Yəhya Bakuvinin yubileylərinin UNESCO səviyyəsində qeyd olunduğunu diqqətə çatdırdı, bu böyük mütəfəkkirlərin həyat yolundan söz açdı.
Qeyd olundu ki, Konyanın “Səma göstərisi” ansamblı Bakıda ilk dəfə çıxış edir. 1991-ci ildə yaradılan kollektiv Osmanlı dövrünün klassik türk, xüsusən sufi hərbi musiqi ənənəsinin davamçısıdır. Rəqs edən dərvişlər ordeninin əsası vaxtilə Mövlana Cəlaləddin Rumi tərəfindən qoyulub.
Sonra dərvişlərdən bəhs edən sənədli film təqdim olundu. Səhnədə mistik musiqi sədaları altında sirli rəqs ifa edən dərvişlər göründü. Bu, qeyri-adi tamaşa - incəsənətlə dinin üzvi şəkildə vəhdəti idi. Mistik sufi mərasiminin bir hissəsi olan “Səma” ritual rəqsi ən maraqlı rəqslərdən hesab edilir. Burada hər bir hərəkətin, hər elementin öz mənası və rəmzi var. Bu, rəqs məfhumundan daha geniş, sirli bir sənət anlayışını ifadə edir. Ansambl indiyədək 50 ölkədə konsertlər verib.
Gen qara geyimli dərvişlər asta addımlarla səhnəyə daxil olurlar. Ansamblın musiqiçiləri çalğı alətlərini götürür, qalan dərvişlər isə döşəmədə əyləşirlər. İncə, qəmli musiqi sədaları altında uzun sürən mahnı ifa olunur. Birdən yerdə əyləşənlər qalxıb bir hərəkətlə əyinlərindəki qara örtüklərini yerə atırlar. Bir-bir növbə ilə baş dərvişin əlini öpürlər. O da xeyir-dua verərək onların papaqlarından öpür. Deyilənə görə, bu hərəkət ruhun azadlığı, ali həqiqətin qavranılmasına hazır olmanın rəmzidir. Gözqamaşdırıcı ağ geyim isə mənəviyyatın təmizliyinin təcəssümüdür.
Rəqslərin hərəsi bir mərasim hesab edilir. Hər bir addım sanki bu dünyada nəyinsə dərk olunduğunu, bir aydınlığı əks etdirir. Bu mərasim vasitəsilə onlar uca Tanrı ilə ünsiyyətə can atırlar. Dərvişlər başlarını sağ çiyinləri üzərinə qoyaraq hər iki əllərini ərəb əlifbasındakı “lam” hərfi şəklində yuxarı qaldırır (bu zaman bədən “La ilahə illəllah” ilahi hökmünü təsvir edir) və musiqiyə uyğun asta-asta dövrə vuraraq fırlanmağa başlayırlar.
Nə üçün məhz fırlanırlar? Bəlkə də həqiqət elə bu hərəkətdədir. Axı yer öz oxu ətrafında fırlanır, gündüz gecəni əvəz edir...

Savalan