Şəhid Qaratel Hacımahmudova və Milli Qəhrəman Cavanşir Rəhimov haqqında sənədli filmlərin təqdimatı
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən N saylı hərbi hissədə şəhid Qaratel Hacımahmudovanın həyatı və döyüş yolundan bəhs edən “Qaratel” sənədli filminin təqdimatı olub. Qaratel Hacımahmudovanın 65 illik yubileyinə həsr olunan mərasimdə “Azərbaycan bayrağı” ordenli şəhid xanımın qəhrəmanlıq yolundan söhbət açılıb. Qeyd olunub ki, Qaratel Hacımahmudovanın Vətən sevgisi, mətanəti və qəhrəmanlığı bugünkü gənclərə örnək olmalıdır.
Qənirə Paşayeva qəhrəmanlarımız haqqında filmlərin vaxtaşırı hərbi hissələrdə nümayişinin vacibliyini qeyd edib. Filmin rejissoru Kəmalə Musazadə ekran əsərinin gənclərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışıb.
Sənədli ekran əsəri əsgərlər tərəfindən böyük maraqla qarşılanıb. Filmin nüsxələri, Qaratel Hacımahmudova ilə bağlı məlumatların əks olunduğu materiallar və şair Məmməd İlqarın xanım qəhrəmana həsr etdiyi “Qaratel” poeması hərbi hissəyə təqdim olunub.
* * *
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “N” saylı hərbi hissədə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyatından bəhs edən “Cavanşir” filminin təqdimatı da keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən hazırlanan sənədli filmin rejissoru Kamalə Musazadədir.
Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunda anadan olub. Sonradan valideynləri ilə birlikdə Bakının Qaraçuxur qəsəbəsinə köçüb. İdmanın bir neçə növü ilə məşğul olan Cavanşir Rəhimov müxtəlif yarışlarda qalib adını qazanıb. O, 1992-ci il mayında hərbi xidmətə gedib. Yüksək fiziki hazırlığına görə onu aviasiya müəssisəsinin ilk hərbi vertolyot eskadrilyasına qəbul ediblər. O, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın, Qubadlı bölgələrindən yaralıların çıxarılmasında, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etməkdə böyük igidliklər göstərib. Avqustun 6-da Ağdərə uğrunda gedən ağır səma döyüşlərində şəhid olub.