Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində keçirilmiş yığıncaqda muğam sənətinin elmi şəkildə tədqiqi, nəşri və təbliği məsələləri müzakirə olunub.
Yığıncaqda AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğamşünaslıq elminin əhəmiyyətindən, əhatə dairəsinin genişliyindən, bu problemlərlə məşğul olan müxtəlif elm sahələrində çalışan alimlərin fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyindən söhbət açıb. O, muğamşünaslıq üzrə mövcud elmi potensialı bir mərkəzdə cəmləşdirmək üçün qarşıda duran vəzifələri nəzərə çatdırıb. Muğam sənətinin həm ictimai, humanitar elmlər işığında, həm də dəqiq və təbiət elmlərinin inteqrasiyası ətrafında tədqiq etməyin vacibliyi qeyd edilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə muğam sənətinə dair problemlərin tarixi, fəlsəfi, filoloji, pedaqoji və muğamşünaslıq istiqamətlərində tədqiq edildiyini deyib. Bildirib ki, bununla belə, heç bir qurumda muğam sənətinin tədqiq edilməsi, öyrənilməsi ilə məşğul olan ayrıca mərkəz və yaxud şöbə yoxdur. Nəticədə bu sahə üzrə tədqiqatlar pərakəndə şəkildə aparılır, sistemli və ardıcıl xarakter daşımır. Bu baxımdan AMEA-da muğam sənətini öyrənən xüsusi quruma ehtiyac var.
Muğamşünaslıq mərkəzinin (yaxud şöbənin) AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda yaradılması təklif edilib. Bildirilib ki, institutda muğam sənəti ilə məşğul olan bir neçə elmlər doktoru və fəlsəfə doktorunun fəaliyyət göstərməsi belə bir qurumun yaradılmasına əsas verir.
Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə, şöbə müdirləri - AMEA-nın müxbir üzvü Zemfira Səfərova, sənətşünaslıq elmləri doktoru Sevil Fərhadova, eləcə də sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları - fəlsəfə üzrə elmlər doktorları Zümrüd Quluzadə, Adil Əsədov və başqaları çıxış edərək, muğamşünaslıq elminin vəzifələrindən, bu sahədə sistemli tədqiqatların zəruriliyindən söz açıblar.
Yığıncaqda yeni yaranacaq quruma ilkin olaraq “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusunu hazırlayıb çap üçün təqdim etmək tövsiyə olunub.