Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhəri 2013-cü ildə “İslam mədəniyyəti paytaxtı” seçilib. Yanvarın 21-də Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı işə başlayıb. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
VIII konfransın açılış mərasimində nazir Əbülfəs Qarayev Mədəniyyət Nazirlərinin VII İslam Konfransının prezidenti kimi çıxış edərək İSESCO-nun son iki il müddətində fəaliyyətini yüksək qiymətləndirib.
Konfrans çərçivəsində "Mədəni hüquqların sülh və dialoqda rolu" mövzusunda sessiya keçirilib. Ölkəmizin nümayəndə heyətinin rəhbəri Əbülfəs Qarayev sessiyada çıxış edərək Azərbaycan-İSESCO əməkdaşlığının inkişafından, son iki ildə həyata keçirilən birgə layihələr və gələcək perspektivlərdən bəhs edib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xoş arzularını tədbir iştirakçılarına çatdırıb.
Səfər çərçivəsində mədəniyyət və turizm naziri İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Məhiəddin Xoca ilə görüşlər keçirib.
Nazir həmçinin Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, Mədinənin əmiri Feysəl bin Salman əl-Saud ilə də görüşüb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.