Şəhid Fərid Əhmədova həsr olunmuş sənədli filmin təqdimatı
Yanvarın 21-də Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovun həyat və döyüş yolundan bəhs edən “Hay ver mənə, leytenant” sənədli filminin təqdimatı keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Fərid Əhmədovun ömür yolundan, vətənpərvərliyindən, qorxmazlığından geniş söz açıb.
Bildirilib ki, 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda doğulan F.Əhmədov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2009-cu ildə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, kəşfiyyat bölüyünün komandiri təyin edilib. Cəsur döyüşçü 2010-cu il sentyabrın 4-də Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin 2010-cu il 7 noyabr tarixli sərəncamı ilə baş leytenant Fərid Əhmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında vurğulayıb ki, Fərid Əhmədovun ömür yolu bugünkü gənclərə örnəkdir.
Sonra Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə “O film-studio”da hazırlanmış “Hay ver mənə, leytenant” sənədli filmi nümayiş olunub. Filmin ideya müəllifi M.Həsənov, baş məsləhətçi Ə.Amaşov, layihənin rəhbəri B.Qaraca, ssenari müəllifi K.Mirzəyeva, montaj rejissoru R.İxtiyaroğlu, operator M.Əzizidir.
Tədbirdə iştirak edən Fərid Əhmədovun anası Nərgiz Əhmədova müqəddəs torpaqlarımız uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə Azərbaycan dövlətinin başçısına və filmin yaradıcı kollektivinə minnətdarlığını bildirib.