Qanlı yanvar faciəsinin növbəti ildönümü ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tabeçiliyində olan mədəniyyət müəssisələri, musiqi və incəsənət məktəbləri, muzey və kitabxanalarda da silsilə tədbirlər keçirilib.
Yanvarın 17-də Nizami adına Mədəniyyət mərkəzində H.Z.Tağıyev adına 123 saylı orta məktəblə birgə “Şəhidlik zirvəsi” adlı tədbir təşkil olunub. Tədbirdə 20 Yanvar haqqında film nümayiş etdirilib, məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim edib, şəhidlərə həsr olunmuş şeirlər oxuyublar.
Həmin gün Bibiheybət qəsəbəsindəki C.Əsgərov adına 50 saylı orta məktəbdə şəhidlərin əziz xatirəsi anılıb. “Bir şəhid ruhu” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbir qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-nin 4 saylı filialının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Paytaxtın 28 saylı uşaq musiqi məktəbində də ədəbi-bədii kompozisiya və 20 Yanvar faciəsi ilə bağlı videokadrların nümayişi ilə yadda qalan anım mərasimi reallaşıb.
Ə.Əmirov adına Mədəniyyət sarayında isə "Ağla, qərənfil" adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilən mərasimdə rayonun idarə və müəssisələrinin işçiləri iştirak ediblər.